Azərbaycanın Qırğızıstandakı səfirliyi Milli Qurtuluş Günü ilə bağlı mətbuat konfransı təşkil etmişdir
Bişkek, 12 iyun (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı mətbuat konfransı təşkil etmişdir.
Mətbuat konfransında Bişkekdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Səfir Hidayət Orucov demişdir ki, Azərbaycan müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa etmişdir. Lakin müstəqilliyin ilk illərində ölkədə hakimiyyət böhranı yaranmışdı və Ermənistanın təcavüzü getdikcə güclənirdi.
H.Orucov bildirmişdir ki, 1993-cü il iyunun 15-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etmişdir.
Diplomat vurğulamışdır ki, Heydər Əliyevin qətiyyəti xalqın inamını özünə qaytardı. Onun uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaosdan xilas etdi, ölkəmiz sivil demokratik inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamına sadiq qaldığını sübut etdi.
Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev türkdilli dövlətlər ilə qardaşlıq münasibətlərinin yaranması və inkişafı istiqamətində mühüm xidmətlər göstərmişdir. Türk dünyasının liderlərindən biri olan Heydər Əliyev Orta Asiya ölkələri, xüsusilə Qırğızıstan ilə qarşılılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görmüşdür və bu, Ulu Öndərin xarici siyasətinin əsas istiqamətlərindən biri idi. Heydər Əliyev deyirdi: “Bizim xalqlarımız qardaşdır və “Manas” dastanı bizim ümumi dildə yazılıb”.
Bildirilmişdir ki, Heydər Əliyev diasporla işə xüsusi önəm verirdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda 36 ölkədən 540 soydaşımızın iştirak etdiyi Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir.
Məlumat verilmişdir ki, bu ilin may ayında səfirliyin təşəbbüsü ilə çap edilmiş “Heydər Əliyev - həmişə zamandan irəli” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Bu kitabda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş eyni adlı beynəlxalq konfransın və Ümummilli Liderin anım günü ilə bağlı keçirilmiş “dəyirmi masa”nın materialları toplanmışdır.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin rəhbərliyi ilə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdiyini bildirmişdir.
Diplomat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdir ki, hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul olunmuşdur. Təəssüf ki, indiyədək bu qətnamələr Ermənistan tərəfindən icra olunmur.
Sonra diplomat jurnalistlərin suallarını cavablandırmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek