İQTİSADİYYAT
“Azərbaycanın rabitə və yüksək texnologiyalar sektorunda yaradılmış işgüzar mühit” mövzusunda konfrans
AZƏRTAC xəbər verir ki, “Azərbaycanda rabitə və yüksək texnologiyalar sektoru üzrə yaradılmış işgüzar mühit” mövzusuna həsr olunmuş tədbirdə Rabitə və Yüksək Texnologiyalar və Vergilər nazirliklərinin, Mərkəzi Bankın, özəl sektorun nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən “AmCham”ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Fərid İsmayılzadə təmsil etdiyi qurumun Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına daim dəstək olduğunu bildirdi.
Qeyd olundu ki, “AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Şirkət Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli sərmayələrin əhəmiyyətli hissəsini təmsil edir.
Konfransın gündəliyi barədə məlumat verən F. İsmayılzadə bildirdi ki, iştirakçılara İKT sahəsi üzrə digər ölkələrin təcrübələri ilə tanış olmaq, geniş fikir mübadiləsi aparmaq imkanı yaradılacaq.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tədbirin əhəmiyyətini qeyd edərək bildirdi ki, konfransın məqsədi Azərbaycan hökumətinin yüksək texnologiyalar sahəsində həyata keçirdiyi işlərə töhfə vermək və özəl sektorla hökumət nümayəndələri arasında qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsidir.
Nazir Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlardan, İKT sektorunda əldə olunan nailiyyətlərdən danışaraq qeyd etdi ki, BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni reytinqinin nəticələrinə görə, dünya siyahısında Azərbaycan 68-ci yeri tutaraq, əvvəlki reytinqlə müqayisədə 28 pillə irəliləmişdir.
Ölkəmizdə İKT sahəsində tətbiq olunan layihələr barədə məlumat verən nazir diqqətə çatdırdı ki, “Azərbaycan -2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında iqtisadi potensialın qeyri-neft sektoru hesabına iki dəfə artırılması nəzərdə tutulur. Bu məqsədlə bir sıra tədbirlər görülür, o cümlədən əlverişli rəqabət mühiti yaradılır, əmək ehtiyatlarının inkişafına, investisiyaların cəlb edilməsinə diqqət artırılır.
İnteraktiv formatda keçirilən konfransda yüksək texnologiyalar sahəsinin inkişaf perspektivləri müzakirə edildi, Azərbaycanda həyata keçirilən layihələrlə bağlı təqdimatlar oldu.
Konfrans öz işini sessiyalarda davam etdirdi. Sessiyalarda “Rabitə, yüksək texnologiyalar və “Elektron hökumət”in ölkənin inkişafında rolu”, “Yüksək texnologiyalarda Azərbaycanın insan resurslarının potensialı”, “Yüksək texnologiyalara dair məhsulların stimullaşdırılması”, “Yüksək texnologiya və maliyyə qrupları arasında imkanlar və dilemmalar” mövzuları müzakirə olundu.
Sonda “Microsoft Azərbaycan” MMC ilə və “Yüksək Texnologiyalar Parkı” MMC arasında Anlaşma Memorandumu imzalandı.
Memorandum çərçivəsində tərəflər İKT-nin tətbiqi istiqamətində imkanların yaradılması sahəsində əməkdaşlıq edəcəklər.