Azərbaycanın Rusiyadakı səfiri Sverdlovsk vilayətinin qubernatoru ilə görüşmüşdür
Moskva, 9 iyun (AZƏRTAC). Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sverdlovsk vilayətinə səfəri çərçivəsində vilayətin qubernatoru Yevgeni Kuyvaşev ilə görüşmüşdür.
Sverdlovsk vilayətinin qubernatorunun rəsmi saytında verilən məlumata görə, Yekaterinburqda keçirilmiş görüş bu ilin mart ayında Sverdlovsk vilayəti nümayəndə heyətinin Azərbaycana səfəri zamanı nəzərdə tutulmuş planların gerçəkləşdirilməsi məsələlərinə həsr edilmişdir.
Yevgeni Kuyvaşev demişdir: “Bakıdakı görüşümüzü məmnuniyyətlə xatırlayıram. Bu görüş həm mənim üçün, həm də bütün nümayəndə heyəti üçün maraqlı və səmərəli oldu. O vaxt nəzərdə tutulmuş layihələr barəsində danışıqlar uğurla keçir. İlk növbədə Azərbaycan dəmir yolunun ehtiyacları üçün Sverdlovsk müəssisələrində istehsal edilən nəqliyyat-maşınqayırma məhsullarının çatdırılması, dərmanların birgə istehsalı və satışı, Sverdlovsk vilayətində meyvə-tərəvəz məhsulları mərkəzinin tikintisi ilə əlaqədar layihəmizin həyata keçirilməsindən söhbət gedir. Vurğulamaq istəyirəm ki, bu layihə əhalinin Azərbaycan Respublikasından alınan təzə və yüksək keyfiyyətli tərəvəz və meyvə ilə təmin edilməsi baxımından həm Azərbaycan Respublikası üçün, həm də bizim region üçün böyük əhəmiyyət kəsb edir. Urallılar belə bir mərkəz inşa edilməsi ideyasını nikbinliklə qarşılamışlar. İndi bu layihənin həyata keçirilməsi üçün Azərbaycan tərəfinin təmsilçisini təyin etmək qalır. Şəxsən mən bu danışıqları dəstəkləməyə hazıram”.
Qubernator Polad Bülbüloğluya Sverdlovsk vilayətinin Rusiya Federasiyası Xarici İşlər Nazirliyində təqdimatında iştirakına və azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində danışıqlara köməyinə görə təşəkkür etmişdir.
Polad Bülbüloğlu demişdir: “Sizin Bakıya səfəriniz ciddi iz qoymuşdur. Biz həmin səfəri xatırlayırıq, özü də təkcə ona görə yox ki, bizi xeyirxah və yaxşı münasibətlər bağlayır, həm də ona görə ki, ortada konkret nəticələr vardır. Bir neçə gün bundan əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Bakıya gəlmişdir. Sizin səfəriniz haqqında biz xeyli söhbət etdik və bizim prezident sizinlə görüşü xüsusi qeyd etmiş və vurğulamışdır ki, bu səfər yaxşı hazırlanmış və çox səmərəli olmuşdur. Azərbaycan tərəfi urallılarla əlaqələrə böyük əhəmiyyət verir. İki nazir arasında söhbətdə maşınqayırma layihəsi barədə də danışıqlar olmuşdur. Aleksey Ulyukayev bu əməkdaşlığı çox bəyənmiş və onu hərtərəfli dəstəkləyəcəyini vəd etmişdir”.
Səfir Polad Bülbüloğlu qubernator Yevgeni Kuyvaşevin diqqətini bu fakta da cəlb etmişdir ki, cari ilin iyul ayında Yekaterinburqda keçiriləcək “İNNOPROM” sərgisinə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gələcəkdir.
Görüş Zamanı Yevgeni Kuyvaşev vurğulamışdır ki, mədəniyyət sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsi Sverdlovsk vilayəti üçün xüsusi əhəmiyyət kəsb edir. Urallılar Yekaterinburqun aparıcı teatr meydançalarında Azərbaycan mədəniyyətinin nümunələri - dünya mədəniyyətinin sərvətinə çevrilmiş əsərlərlə tanış olmaq imkanı əldə etmişlər. Bu deyilənləri təsdiqləmək üçün görüş başa çatdıqdan sonra Yevgerni Kuyvaşev və Polad Bülbüloğlu Yekaterinburq Dövlət Akademik Opera və Balet Teatrında “Eşq və ölüm” baletinin tamaşasına baxmışlar. Baletin musiqisinin müəllifi Polad Bülbüloğludur.
Xatırladaq ki, premyerası 2005-ci ilin dekabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olmuş “Eşq və ölüm” baleti daha sonra Rusiyada Azərbaycan Mədəniyyəti İli çərçivəsində Rusiyanın iki məşhur səhnəsində - Moskvadakı Böyük Teatrda və Sankt-Peterburqdakı Mariya Teatrında tamaşaya qoyulmuş, indi isə Yekaterinburqda göstərilmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva