SİYASƏT
AZƏRBAYCANIN TÜRKMƏNİSTANDAKI SƏFİRİ TÜRKMƏNBAŞI ŞƏHƏRİNDƏ YAŞAYAN SOYDAŞLARIMIZLA GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov Türkmənbaşı şəhərində yaşayan soydaşlarımızla görüşmüşdür.
Tədbirdə səfirliyimizin əməkdaşları da iştirak etmişlər.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həlli istiqamətində ölkəmizin təşəbbüsləri, Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar haqqında geniş məlumat vermiş, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrindən danışmışdır.
Elxan Hüseynov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türkmənistan dövlətinin başçısı Qurbanqulu Berdiməhəmmədovun bu ilin mayında Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir.
Elxan Hüseynov xalqlarımız arasında tarixi, etnik, mədəni, dil və din birliyinin olduğunu xatırladaraq demişdir ki, münasibətlərimiz mədəni sahədə də inkişaf edir. Bu il Azərbaycanın Türkmənistanda, gələn il isə Türkmənistanın Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur.
Soydaşlarımız ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasından məmnun olduqlarını bildirmişlər.
Görüşdə soydaşlarımıza Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Heydər Əliyev Fondu tərəfindən buraxılmış kitablar, broşürlər, musiqi diskləri, Azərbaycan və Bakı haqqında materiallar təqdim olunmuşdur.
Sonra səfirlik tərəfindən soydaşlarımıza ziyafət verilmişdir.