AZƏRBAYCANIN ÜMUMİ HƏRBİ XƏRCLƏRİ 2 MİLYARD DOLLARDAN ÇOXDUR
Azərbaycan Ordusunun peşəkarlıqla yanaşı, maddi-texniki bazası da möhkəmlənir. Bu istiqamətdə son illər ərzində böyük işlər görülübdür. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə Azərbaycanın hərbi xərcləri bugünkü hərbi xərclərdən ən azı on dəfə az idi. Bu gün ordu quruculuğu prosesi, eyni zamanda, maddi-texniki bazasının möhkəmlənməsi ilə tamamlanır.
Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 90-cı ildönümü münasibətilə iyunun 26-da Bakının baş meydanında - Azadlıq meydanında keçirilən hərbi paradda bildirmişdir.
Azərbaycanın ümumi hərbi xərcləri son beş il ərzində 10 dəfədən çox artmışdır və bu gün 2 milyard dollardan da çoxdur, - deyən dövlətimizin başçısı vurğulamışdır ki, biz Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmlənməsinə nail olmuşuq. Gələcəkdə daha da böyük işlər görüləcəkdir.