Azərbaycanın Vaşinqtondakı səfirliyində amerikalı tələbələrlə görüş olub
Vaşinqton, 4 noyabr, AZƏRTAC
ABŞ-ın nüfuzlu Corctaun Universiteti ilə qurulmuş işgüzar əməkdaşlıq çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyində bu universitetin regionumuza maraq göstərən bir qrup tələbəsi ilə görüş keçirilib.
Tələbələr qarşısında çıxış edən səfir Elin Süleymanov Azərbaycanın geostrateji mövqeyi, keçdiyi tarixi yol, əldə etdiyi uğurlar və xüsusilə, ölkəmizin iştirakı ilə həyata keçirilən regional enerji layihələri haqqında məlumat verib. Səfir müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazmış Azərbaycanın müasir dövrdə regionun aparıcı ölkəsi kimi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasına nail olduğunu vurğulayıb və hazırda Cənub Qaz Dəhlizi üzrə aparılan işlərdən danışıb.
Elin Süleymanov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı enerji strategiyası nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadi inkişafına təkan verib və bölgəmizin geocoğrafi mənzərəsini dəyişdirib.
Səfir, həmçinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə, qarşılıqlı maraqlara söykənən münasibətlərin əhəmiyyətinə toxunub. Diplomat bildirib ki, ABŞ-ın Azərbaycanda parlament seçkilərinə dair bəyanatı qəribə məntiqə əsaslanır. Belə ki, ABŞ bir tərəfdən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mövcud səlahiyyətlərini aşaraq, öz mandatına zidd şəkildə Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina qərarına dəstək verir. Digər tərəfdən isə bu müşahidənin baş tutmamasından şikayətlənərək, seçkilərə dair münasibət bildirməyin mümkünsüz olduğunu bildirir. Səfir bir daha vurğulayıb ki, ABŞ-ın öz tərəfdaşlarına münasibətdə ikili standartlara deyil, aydın və konstruktiv yanaşmaya əsaslanan siyasət yürütməlidir.
Səfir E.Süleymanov tələbələrinin diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır nəticələri çatdırıb və öz təcavüzkar siyasəti nəticəsində Ermənistanın faktiki olaraq, müstəqilliyini itirdiyini və özünü bütün inkişaf perspektivlərinin kənarda qoyduğunu söyləyib.
Sonda səfir tələbələrin müxtəlif suallarını cavablandırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton