Azərbaycanın və Qazaxıstanın nüfuzlu beynəlxalq təşkilatlarda əməkdaşlığı məmnunluq doğurur
Bakı, 24 iyun (AZƏRTAC). İyunun 24-də Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Bahar Muradova Qazaxıstan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Aygül Kuspan və Ümumavropa Əməkdaşlığı İdarəsinin rəisi Timur Sultanqojin ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra demokratik dövlət quruculuğunu möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiya yolunda inamlı addımlar atmışdır. Azərbaycanın və Qazaxıstanın nüfuzlu beynəlxalq təşkilatlarda əməkdaşlığı məmnunluq doğurur. İkitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası mühüm rol oynayır. Hər iki ölkə çoxşaxəli əməkdaşlığın genişlənməsində maraqlıdır.
Bahar Muradova bildirmişdir, son illər ölkəmizdə ardıcıl olaraq müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilir. Azərbaycan yaxın günlərdə ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasına ev sahibliyi edəcəkdir. Ölkəmiz bu tədbirə xüsusi önəm verir və sessiyanın uğurla keçməsi üçün ciddi hazırlıq işləri görülmüşdür. Bu günlərdə Milli Məclisdə olan ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski də tədbirə hazırlığın səviyyəsindən razılığını bildirmişdir.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsindəki mövcud təcrübəsini yüksək dəyərləndirən Qazaxıstan XİN-in əməkdaşları Aygül Kuspan və Timur Sultanqojin məlumat vermişlər ki, onların parlament nümayəndə heyəti də ATƏT-in Bakı sessiyasında iştirak edəcəkdir. Bildirilmişdir ki, hazırkı beynəlxalq vəziyyətlə əlaqədar qurumun 23-cü illik sessiyasında məhsuldar müzakirələrin olacağı gözlənilir.
Görüşdə Azərbaycan-Qazaxıstan əməkdaşlığının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.