Azərbaycanın və Ukraynanın regionları arasında əməkdaşlıq müzakirə edilmişdir
Kiyev, 20 iyun (AZƏRTAC). Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Jitomir Dövlət Administrasiyasında şəhər vilayətinin qubernatoru Sidor Kizin ilə görüşmüşdür.
E.Mədətlinin Jitomirə səfərinin əsas məqsədi yeni təyin edilmiş qubernatorla tanış olmaq, Azərbaycan diasporunun mərkəzi və yerli təşkilat sədrlərini təqdim etmək, eyni zamanda, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir vilayət şöbəsinin ofisinin açılışında iştirak etmək olmuşdur.
Görüşdə ölkələrimiz və regionlarımız arasında mümkün əməkdaşlıq əlaqələri müzakirə edilmişdir. Diplomat qeyd etmişdir ki, Ukraynada yüz minlərlə soydaşımız yaşayır, 7 mindən çox tələbəmiz bu ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyur.
Səfir bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynadakı diasporumuzu ölkələrimiz arasında körpü adlandırmışdır. Buna görə də səfirlik gündəlik fəaliyyətində diasporla işə xüsusi önəm verir.
Qubernator S.Kizin Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın böyük perspektivlərinin mövcudluğunu, Azərbaycanın dünya bazarında enerji resurslarının aparıcı təchizatçılarından biri olduğunu bildirmişdir. Qubernator vurğulamışdır ki, bu gün enerji məsələsi Ukrayna üçün çox aktualdır. Hazırda bu istiqamətdə müvafiq işlər aparırıq və alternativ enerji mənbələrinin axtarışı ilə fəal məşğul oluruq. O, Azərbaycan diasporunun ölkənin ictimai həyatında yaxından iştirak etdiyini bildirmişdir. S.Kizin, həmçinin Azərbaycan diasporunun Jitomir şəhərində yeni ofisinin açılmasının əhəmiyyətini qeyd etmişdir.
Səfər çərçivəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun, təşkilatın Jitomir vilayət nümayəndəliyinin sədri Rac Qasımovun və bir sıra azərbaycanlı iş adamlarının, diaspor nümayəndələrinin iştirakı ilə yeni ofisin açılışı olmuşdur.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, bu nümayəndəliyin tərkibində Jitomirdə yaşayan azərbaycanlılar üçün mədəniyyət mərkəzi və mərkəzdə azərbaycanlı uşaqların ana dilini, adət-ənənələrimizi unutmamaları üçün “Bazar günü” məktəbi yaradılacaqdır.
Səfirin qubernatorla görüşü və diasporumuzun yeni ofisinin açılış mərasimi yerli KİV-də işıqlandırılmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev