Azərbaycanın veteran hakimi: Avropa çempionatına təyinat alan referilər etimadı doğrultdular
Bakı, 12 iyul, AZƏRTAC
“Hakimlər oyunların böyük hissəsini çox yaxşı idarə etdilər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ümumittifaq dərəcəli referi Rüstəm Rəhimov Almaniyada keçirilən Avropa çempionatında hakim idarəçiliyi barədə danışarkən deyib.
AFFA Veteranlar İttifaqının sədr müavini bildirib ki, hər bir referinin özünəməxsus idarəetmə üslubu var: “Hakimlərin epizodlara yanaşması fərqli olur. İnsanlar ekran qarşısından onları qınasa da, ani qərar vermək çətindir. Həmin vəziyyətdə səhvlər olur. Xırda yanlışlıqlar isə hər zaman olacaq. Ən böyük hakimlər belə, bunu edirlər”.
O, hakimlərin Avropa çempionatının oyunlarını yüksək səviyyədə idarə etdiklərini söyləyib: “Baş hakim və köməkçiləri arasında olan sinxron əlaqə yaxşı səviyyədədir. Diqqətimi çəkən ən maraqlı məqam isə hakimlərin VAR-da çox vaxt itirməməsidir. Qərarlar çox tez verilirdi. Bu da tempin aşağı düşməməsinə səbəb olurdu. Düşünürəm ki, futbol səviyyəsi böyük olan ölkələrin hakimləri etimadı boşa çıxarmadılar”.
Veteran hakim turnirin yarımfinal mərhələsində Niderland və İngiltərə yığmaları arasında keçirilmiş oyunda almaniyalı referi Feliks Şvayerin “narıncılar”ın qapısına təyin etdiyi penaltinin şübhəli olduğunu vurğulayıb: “İngiltərə millisinin üzvü Harri Keyn həmin epizodda ustalıqla yerə yıxıldı. Halbuki artıq topa zərbə vurmuşdu. Lakin onun hərəkəti kənardan penaltiyə bənzədi”.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də İspaniya və Fransa komandaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.