AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ÇİNDƏ RƏSMİ SƏFƏRDƏDİR
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, respublikamızın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov Çin Xalq Respublikasında rəsmi səfərdədir. Fevralın 4-də nazir Elmar Məmmədyarov çinli həmkarı Li Çaosin ilə görüşmüşdür.
Li Çaosin azərbaycanlı həmkarını səmimi salamlayaraq onunla Çində görüşməsindən məmnun olduğunu bildirmişdir. Çinli nazir Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə nəzərdə tutulan rəsmi səfəri ilə bağlı Çin tərəfinin yüksək səviyyədə hazırlıq işləri apardığını qeyd etmişdir. Bir müddət əvvəl özünün Bakıya səfər etdiyini xatırlayan Li Çaosin bu səfərin onda xoş təəssürat yaratdığını xüsusi vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən Elmar Məmmədyarov çinli həmkarının Azərbaycana səfərinin ikitərəfli əlaqələrin gələcək inkişafında yüksək rol oynadığını diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının Prezidentinin Çin Xalq Respublikasının sədri cənab Xu Szintaonun dəvətini böyük məmnunluqla qəbul etdiyini diqqətə çatdıran nazir Elmar Məmmədyarov bu səfərin hər iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafına təkan verəcəyinə əmin olduğunu bildirmişdir. Ölkələrimiz arasında siyasi əlaqələrin qarşılıqlı anlaşma şəraitində davam edəcəyinə bir daha əminliyini vurğulayan nazir Elmar Məmmədyrov münasibətlərin iqtisadi sahədə də inkişaf etdirilməsinin zəruriliyini söyləmişdir.
Daha sonra ÇXR-in xarici işlər naziri Li Çaosin azərbaycanlı həmkarından Çin Xalq Respublikasının sədri Xu Szintaonun salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etmişdir. Xarici siyasət idarəsinin başçısı ölkəmizin Cin ilə bağlı hazırkı siyasətində ikitərəfli münasibətlərin prioritet istiqamət tutduğunu məmnunluqla bildirmişdir.
Vahid Çin məsələsində birmənalı mövqe tutduğuna görə ölkəmizə təşəkkürünü bildirən çinli nazir Azərbaycanın da ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün Çin dövləti tərəfindən bir daha dəstəkləndiyini bəyan etmişdir. Azərbaycanda hazırda biznes mühiti üçün hər cür şəraitin olduğunu qeyd edən Li Çaosin Çin şirkətlərinin Bakıda fəaliyyəti üçün bütün imkanların yaradıldığının buna əyani sübut olduğunu bildirmişdir.
Nazir, ölkələrimiz arasında ikiqat vergiqoymanın aradan qaldırılması, gömrük rüsumlarının aşağı salınması, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sərmayələrin cəlb edilməsi, telekommunikasiya, humanitar, mədəniyyət, həmçinin, nəqliyyat sahələrində də əlaqələrin yeni müstəviyə çıxarılmasının dövlətimizin başçısının Çinə səfəri zamanı həyata keçirilməsinin respublikalarımızın diqqət mərkəzində olduğunu bildirmişdir. Çinli nazir bildirmişdir ki, TRASEKA proqramı çərçivəsində Tbilisi-Qars dəmir yolunun inşası onun ölkəsinin diqqətini çəkir və Çin tərəfi mütəxəssislər səviyyəsində məsləhətləşmələrin aparılmasına hazırdır.
Beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirən çinli nazir, ölkəmizi Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsində dəstəklədiyini və dəstəkləyəcəyini bir daha diqqətə çatdırmışdır. Çinin ölkəmizə təmənnasız kredit verdiyini xatırladan Li Çaosin, Azərbaycanın bu krediti Çinin Bakıda kommersiya mərkəzinin tikinitisi üçün istifadə etmək istəyini xüsusi dəyərləndirmişdir. Azərbaycan tərəfi ilə nəqliyyat sahəsində əməkdaşlığa maraqla yanaşan çinli nazir, ölkəsinin bu sahədə təcrübəsini diqqətə çatdıraraq, bu məsələdə Azərbaycanla məsləhətləşmələr aparılmasının vacibliyini bildirmişdir.
Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü nəticəsində respublikamızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında dəmir yolunun bağlandığını bildirmişdir. Münaqişənin həlli istiqamətində hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilmiş görüşlərə toxunun Elmar Məmmədyarov, Çinin bu məsələdə mövqeyinin dəyişmədiyinə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür etmişdir. İşğal olmuş ərazilərdə Ermənistan tərəfindən süni surətdə əhali yerləşdirilməsi ilə bağlı ATƏT-in fakt-araşdırıcı missiyasının bölgəyə səfər etdiyini söyləmişdir.
Elə həmin gün nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının baş nazirinin müavini Xuan Cü ilə görüşmüşdür. Elmar Məmmədyarovun Çinə rəsmi səfərə gəlməsindən məmnunluğunu ifadə edən Xuan Cü Azərbaycanla Çin arasında 1992-ci ildən mövcud olan diplomatik əlaqələrin gündən-günə inkişaf etdiyini və ölkələrimiz arasında həyata keçirilən intensiv səfərlərin bu əlaqələrin güclənməsində xüsusi rol oynadığını demişdir. Regional məsələlərdə Azərbaycanın dəyişməz mövqe tutduğunu yüksək dəyərləndirən Xuan Cü, ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsində dövlətinin maraqlı olduğunu bildirmişdir. Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial sabitliyin, iqtisadi inkişafın daha yüksək səviyyəyə çatacağına inandığını söyləmişdir. Ümummilli liderimiz Heydər Əliyevin Çin ilə münasibətlərə xüsusi diqqət yetirdiyini və 1994-cü ilin martında ölkəsinə rəsmi səfər etdiyini böyük məmnunluqla xatırladan Baş nazirin müavini, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərinin hər iki ölkənin siyasi rəhbərləri arasında münasibətlərə müsbət töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında yüksək siyasi səviyyədə qarşılıqlı anlaşma olduğunu vurğulayaraq, bu əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində də üstün surətdə davam edirilməsinin vacibliyini bildirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan və münaqişə nəticəsində bir milyon Azərbaycan vətəndaşının ərazilərimizin işğalı nəticəsində öz doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xüsusilə diqqətə çatdıran nazir, Çinin bu məsələdə respublikamızın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə bir daha təşəkkürünü çatdırmışdır.
İqtisadi sahədə münasibətlərin inkişafına gəlincə, Elmar Məmmədyarov aqro-biznes, neft kimyası, turizm və digər vacib sahələr üzrə əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd etmişdir. 2008-ci ildə Çində keçirilməsi nəzərdə tutulan Olimpiya Oyunlarını yada salan nazir, bu müddət ərzində idman sahəsində də əlaqələrin inkişafının önəmli olduğunu diqqətə çatdırmışdır.
Daha sonra, Çinin Baş nazirinin müavini enerji daşıyıcıları sahəsində Azərbaycanla gələcəkdə də əməkdaşlığın davam etdirilməsi üçün əlverişli zəmin yarandığını xüsusi vurğulamışdır. TRASEKA Proqramı çərçivəsində görüləcək işlərə Azərbaycanın xüsusi maraq göstərdiyini qeyd edən Xuan Cü, bu işdə öz səylərini əsirgəməyəcəklərini diqqətə çatdırmışdır.
Elə həmin gün xarici işlər naziri Elmar Məmmədyarov Çinin xarici işlər nazirinin müavini ilə görüşmüşdür. Naziri Çində görməyindən məmnunluq duyduğunu bildirən Day Binquo ölkələrimizin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın yüksək nəticələrə gətirib çıxaracağını bildirmişdir. O, son iyirmi ildə Çində mövcud dəyişikliklərə toxunaraq, bunun şəffaflıq islahatından sonra meydana gəldiyini diqqətə çatdırmışdır.
Çinli həmkarı ilə iqtisadi əlaqələrin genişləndirilməsindən və bu əlaqələrin yüksək inkişafı üçün ikitərəfli səviyyədə daha sıx münasibətlərin vacibliyindən danışdığını diqqətə çatdıran nazir Elmar Məmmədyarov, səfərindən öncə Sintszyan-Uyğur Muxtar Rayonu rəsmiləri ilə görüşdə Azərbaycanla nəqliyyat infrastrukturunun bərpası barədə geniş söhbət etdiyini qarşı tərəfin diqqətinə çatdırmışdır. Məsələnin reallaşacağı təqdirdə Azərbaycanın Çinin qərb regionu ilə əlaqələrinə müsbət təsir edəcəyini xüsusilə vurğulayan nazir, Heydər Əliyev adına Bakı Hava Limanında tikiləcək terminalın istifadəyə verilməsində hər iki tərəfin maraqlı olduğunu bildirmişdir.
Ölkələrimiz arasında fikir ayrılıqlarının olmamasını yüksək dəyərləndirən Çinin xarici işlər nazirinin müavini ölkəmizin Çinin dostu olaraq qalacağına əminliyini demişdir.
Xarici işlər naziri Elmar Məmmədyarov müstəqillik əldə etdikdən sonra ölkəmizin azad bazar iqtisadiyyatına keçdiyini, geniş özəlləşdirmə proqramlarını reallaşdırdığını və Prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində yeni iş yerlərinin açıldığını diqqətə çatdırmışdır. Qeyri-neft sektorunun inkişafının vacibliyini vurğulayan nazir, Çinlə bu sahədə də əməkdaşlığın müsbət səmərə verəcəyini bildirmişdir. Ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olduğunu qeyd edən nazir, problemin beynəlxalq birliyin birgə səyləri nəticəsində həll edilməsinin vacib olduğunu demişdir.
Münaqişənin ədalətli prinsiplər əsasında həll edilməsində ümidvar olduğunu bildirən Çinin xarici işlər nazirinin müavini ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd etmişdir.
Elə həmin gün nazir Elmar Məmmədyarov Çinin “Sinxua” və “İnterfaks” informasiya agentliklərinə səfərinin yekunları ilə bağlı müsahibə vermişdir.