AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ DÜNYA BANKININ ÖLKƏMİZDƏKİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Əhməd Cahani Dünya Bankının Azərbaycanla əməkdaşlığından məmnunluğunu qeyd edərək, əlaqələrin yalnız texniki yardım üzrə deyil, respublikamıza hər bir sahədə dəstək göstərilməsinin vacib olduğunu bildirmişdir.
Azərbaycanın Dünya Bankı ilə əlaqələrinin daha da inkişaf etdiyini vurğulayan, Bakı-Tbilisi-Ceyhan kimi strateji layihələrin reallaşmasında bu maliyyə qurumunun köməyini yüksək qiymətləndirən xarici işlər naziri, daha bir əhəmiyyətli layihə - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasında ölkəmizin bankın dəstəyinə ümid etdiyini diqqətə çatdırmışdır. İqtisadi layihələrin, o cümlədən Bakı şəhərinin su və qaz təchizatı sistemlərinin bərpası, ekoloji problemlərin həlli və digər məsələlər üzrə layihələrin vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov, bu layihələrin 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan ölkəmizin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında rolunu yüksək qiymətləndirdi.
Dünya Bankının nümayəndəsi Əhməd Cahani son illər Azərbaycanın sürətlə inkişaf etdiyini və müsbət dəyişikliklərin yalnız neft sektorunda deyil, digər sahələrdə də nəzərə çarpdığını bildirdi.
Nazir E.Məmmədyarov əldə olunmuş uğurların xarici sərmayədarlara çatdırılmasının və bu işdə Dünya Bankının rolunun böyük olduğunu vurğuladı.
Nazirin fikirləri ilə razı olduğunu bildirən Əhməd Cahani demişdir ki, Azərbaycanda iş adamlarına yaradılmış əlverişli şəraitə və münbit sərmayə mühitinə, doqquz iqlim qurşağına malik respublikamızın kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük imkanlara malik olduğuna dair məlumatların təbliğinə çalışacaqdır.
Görüşün sonunda xarici işlər naziri iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələrdə Dünya Bankının Azərbaycana göstərdiyi yardıma görə Əhməd Cahaniyə təşəkkürünü bildirmişdir.