AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV MOSKVAYA ÜÇGÜNLÜK İŞGÜZAR SƏFƏRƏ GƏLMİŞDİR
Elə həmin gün o, Rusiya Dövlət Dumasının Beynəlxalq işlər Komitəsinin sədri Konstantin Kosaçov ilə görüşdü.
Görüşdə ölkəmizin xarici işlər naziri və duma komitəsinin sədri Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bu münasibətləri bütün sahələrdə, xüsusən iqtisadi sahədə inkişaf etdirib dərinləşdirməyin zəruriliyini vurğuladılar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması məsələsinə və bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın roluna xüsusi diqqət yetirildi. E.Məmmədyarov danışıqlar prosesindən ətraflı söhbət açaraq, Azərbaycanın mövqeyini nəzərə çarpdırdı. O, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın bu yaxınlarda komanda-qərargah təlimləri keçirməsini və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda yerli orqanlara “seçkilər”i kəskin tənqid etdi. E.Məmmədyarov bildirdi ki, erməni tərəfinin bu cür addımları danışıqlar prosesinə və Azərbaycan cəmiyyətində əhval-ruhiyyəyə mənfi təsir göstərir.
Nazir dedi: “Azərbaycanın mövqeyi çox sadədir - ərazi bütövlüyü prinsipinə əməl olunmalıdır. Bu, beynəlxalq birliyin əsas prinsipidir və Azərbaycan nizamasalmanın müxtəlif formalarını bu proses çərçivəsində müzakirə etməyə hazırdır”. E.Məmmədyarov həmçinin diqqətə çatdırdı ki, Azərbaycanın mövqeyini, demək olar, bütün beynəlxalq təşkilatlar dəstəkləyir. Avropa Şurasının baş katibi, ATƏT-in hazırkı sədri, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqelərini açıqlamış və ölkəmizin işğal edilmiş ərazilərində komanda-qərargah təlimləri və “seçkilər” keçirilməsini pisləmişlər. Ərazi bütövlüyü çərçivəsində ABŞ buna öz mənfi münasibətini birincilər sırasında açıqlamışdır. Avropa Birliyi də sərt mövqe tutmuşdur. Onların hamısı aydın şəkildə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyirlər. Azərbaycanın işğal olunmuş ərazilərini məskunlaşdırmağın qeyri-məqbulluğu barədə də fikirlər söylənilmişdir və bu, beynəlxalq normaların, o cümlədən Cenevrə Konvensiyasının və ona əlavə protokolların pozulması kimi qiymətləndirilir. Bu sənədlərdə bildirilir ki, işğal edilmiş ərazilərin məskunlaşdırılması qətiyyən yolverilməzdir.
K.Kosaçov bildirdi ki, Rusiya bu münaqişənin dincliklə nizama salınması yollarının axtarışı xəttini kifayət qədər şəffaf şəkildə aparır və hər vasitə ilə kömək göstərməyə hazırdır. Onun fikrincə, münaqişə nə qədər tez nizama salınarsa, bu, hamının xeyrinə olar, onun dondurulması Rusiyanın mənafelərinə əsla uyğun deyildir. Komitə sədri dedi: “Mən Strasburqda, Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqini dinləmişəm. Qeyd etməliyəm ki, Azərbaycan dövləti başçısının gətirdiyi dəlillər çox inandırıcı və sanballı idi. O, auditoriyaya çox gözəl təsir bağışladı. Görünürdü ki, BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların əhval-ruhiyyəsi Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə doğru meyil edir”.
Görüşdə regional və beynəlxalq əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparıldı.
Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev, xarici işlər nazirinin müavini Xələf Xələfov görüşdə itştirak edirdilər.