AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ E.MƏMMƏDYAROV MOSKVADAKI DANIŞIQLARIN YEKUNLARINDAN RAZIDIR
E.Məmmədyarov danışıqların yekunlarını müsbət qiymətləndirmişdir. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlər Azərbaycanın xarici siyasətinin öncül istiqamətlərindən biridir və hazırda bu münasibətləri iki bərabər hüquqlu müstəqil dövlətin strateji tərəfdaşlığı kimi qiymətləndirmək olar. Nazir bildirmişdir ki, Rusiya tərəfi ilə siyasi və iqtisadi məsələlər, o cümlədən beynəlxalq terrorizmlə, narkotrafiklə, qanunsuz miqrasiya ilə mübarizə problemləri, habelə bir sıra digər beynəlxalq məsələlər müzakirə olunmuşdur.
E.Məmmədyarov qeyd etmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi kifayət qədər intensiv müzakirə edilmişdir. Nazir demişdir: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın tutduğu mövqeyi kifayət qədər yaxşı başa düşür”. Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında nizama salınmalıdır, bu prinsiplərin əsasını isə ərazi bütövlüyü təşkil edir. Biz belə hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya nizamlama prosesində daha fəal iştirak etməlidir. Rusiya tərəfindən belə bir meyil müşahidə olunur, çünki xarici işlər naziri Sergey Lavrov bəyan etmişdir ki, Rusiya tərəfi problemin tezliklə həllinə tərəfdardır. İşğal olunmuş ərazilərin azad edilməsinin və qaçqınların təhlükəsizliyi təmin edilməklə doğma yurd-yuvalarına qayıtmasının zəruriliyi barədə Azərbaycanın mövqeyi getdikcə daha düzgün başa düşülür.
Azərbaycan XİN-in başçısı, eyni zamanda bildirmişdir ki, iqtisadi məsələlər bloku üzrə də çox maraqlı müzakirələr aparılmışdır. İki dövlətin prezidentlərinin tapşırığına, habelə Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərə uyğun olaraq, əmtəə dövriyyəsinin artırılmasından, ticarət və iqtisadi əlaqələrin inkişafından, habelə “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsindən söhbət getmişdir. Humanitar məsələlərə, o cümlədən xarici işlər nazirlikləri arasında məsləhətləşmələrə dair də maraqlı müzakirələr aparılmışdır. Xəzər problematikası da müzakirə olunmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmin gün Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovla da görüşmüşdür. Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin və parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini müzakirə etmişlər.
E.Məmmədyarov Rusiyanın populyar “Exo Moskvı” radiostansiyasının birbaşa efirində də çıxış etmiş və ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı bir sıra suallara cavab vermiş, habelə Moskvada aparılan danışıqların yekunlarından bəhs etmişdir.