AZƏRBAYCANIN XƏZƏRLƏ BAĞLI TƏKLİFLƏRİ RAZILIQLA QARŞILANMIŞDIR
Avrdpa Şurası Parlament Assambleyasının İqtisadi əlaqələr və inkişaf komitəsinin noyabrın 20-də Parisdə keçirilmiş iclasında Xəzər dənizinin enerji ehtiyatlarının işlənilməsi və nəqli, Cənub-Şərqi Avropada iqtisadi tərəqqi, nəqliyyat siyasəti və digər məsələlər müzakirə edilmişdir.
Milli Məclisin deputatı Əli Abbasov iclasdan sonra AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Xəzərin enerji ehtiyatlarının işlənilməsi və bu sahədə Avropa ölkələri ilə əməkdaşlıq mövzusu əsas məsələ kimi geniş müzakirəyə səbəb olmuşdur. Ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin şəxsi təşəbbüsü ilə bu ilin yayında komitənin Bakıda keçirilmiş seminarı bütünlükdə Xəzərin statusu, sərhədlərinin müəyyənləşdirilməsi, enerji ehtiyatlarının işlənilməsi və Avropa bazarlarına nəqli məsələlərinə həsr edilmişdir. Seminarın Bakıda keçirilməsi, təcrübəli iqtisadçılar tərəfindən respublikamızın iqtisadi inkişafının hərtərəfli təhlilinin verilməsi, ümumiyyətlə, dövlətimizin bu istiqamətdə atdığı addımlar komitənin bugünkü iclasında yüksək qiymətləndirilmişdir. Müzakirə zamanı bir çox deputat ölkəmizin yeni neft strategiyasını dəstəkləmiş, həmin strategiyanın dünyanın aparıcı iqtisadi qurumları tərəfindən müsbət qiymətləndirildiyini xüsusi vurğulamışlar. Bu məsələ ilə bağlı hazırlanmış qərar layihəsi respublikamızın müvafiq təşkilatları tərəfindən müzakirə olunmuş və müəyyən təkliflər irəli sürülmüşdü. Xəzərlə bağlı Azərbaycanın Rusiya və Qazaxıstanla ikitərəfli sazişlər bağlamasını, enerji daşıyıcllarının xarici bazarlara çatdırılmasında Aralıq dənizinə çıxışa üstünlük verməsini, habelə dənizin çirklənməsinin qarşısını almaqda dövlət tərəfindən həyata keçirilən tədbirlər barədəki təkliflərini komitə üzvləri böyük razılıqla qarşılamışlar. AŞPA-nın yanvar sessiyasında Xəzərin enerji ehtiyatlarına dair çıxış edəcək məruzəçiyə bunları nəzərə almağı tövsiyə edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris