Azərbaycanla Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Bakıdakı Rus evində Azərbaycan və Rusiya xalqları Dostluq Klubunun ekspert iclası keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edənlər Azərbaycan və Rusiya, eləcə də Avrasiya İqtisadi İttifaqının digər ölkələri arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bildiriblər ki, bu münasibətlər regionda iqtisadi sabitliyi möhkəmləndirəcək, biznesin və investisiyaların inkişafı üçün əlverişli şərait yaradacaq.
İclasda qonaqlar Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında iqtisadi münasibətlərin inkişaf perspektivlərini, o cümlədən investisiya, ticarət və nəqliyyat-logistika sahələrində əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.
Tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən Bakıdakı Rus evi ilə birgə təşkil olunub.