Azərbaycanla Hindistan arasında müxtəlif sahələrdə işgüzar əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanı iclasda Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hindistan tərəfini isə sənaye və ticarət üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri xanım Anupriya Patel təmsil edib.
İclasda Azərbaycanla Hindistan arasında müxtəlif sahələrdə işgüzar əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, ətraf mühit, dağ-mədən, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdən sonra Hindistan-Azərbaycan ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb.
Qeyd edək ki, Hindistan Respublikasının sənaye və ticarət üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri xanım Anupriya Patelin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra dövlət qurumlarının rəsmiləri ilə görüşləri nəzərdə tutulub.