Azərbaycanla Moldova arasında münasibətlərin vəziyyətindən məmnunluq ifadə olunub
Moskva, 31 mart, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moldova Respublikasının bu ölkəyə yeni təyin olunmuş səfiri Lilian Dariyi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın səfiri ona diplomatik fəaliyyətində uğurlar arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə qarşı tərəfə məlumat verib.
Görüş əsnasında Azərbaycanla Moldova arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun 2022-ci ilin fevral ayında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə və həmkarı Ceyhun Bayramovla keçirdiyi məhsuldar görüşlər xatırlanıb.
Bundan əlavə, ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu vurğulanıb, müxtəlif sahələrdə əməkdaşlıqdan, o cümlədən Heydər Əliyev Fondu tərəfindən Qaqauziyada Təhsil və Mədəniyyət Mərkəzinin inşasından söz açılıb.
Polad Bülbüloğlu moldovalı səfirə postmünaqişə dövrü və 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı ətraflı məlumat verərək, həmin sənədin 4-cü bəndinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini təəssüflə diqqətə çatdırıb və bu məqamın regionda davamlı sülhün təmin edilməsi üçün əsas əngəl olduğunu xüsusi vurğulayıb.
P.Bülbüloğlu azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında həmsöhbətinə məlumat verib. Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Polad Bülbüloğlu moldovalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə edib.