Azərbaycanla Tacikistan arasında turizmin inkişafı istiqamətində müzakirələr aparılıb
Düşənbə, 12 aprel, АZƏRTAC
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri Tociddin Curazoda ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, o cümlədən turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.
Səfir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə və azad edilmiş torpaqların turizm potensialı haqqında bəhs edərək bunun ölkə turizmi üçün yeni imkanlar yaratdığını qeyd edib.
Tərəflər turizm sənayesinin bütün dünyada çətin dövrdən keçdiyini, postpandemiya dövründə birgə tədbirlərin təşkilinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyini, xüsusilə bu münasibətləri stimullaşdırmaq üçün infoturların keçirilməsi, təcrübə mübadiləsinin aparılması, turizm şirkətlərinin əlaqələndirlməsi və iki ölkə arasında birbaşa aviauçuşların açılması perspektivlərinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan və Tacikistan arasındakı turizm əlaqələrindən danışılıb, müvafiq sahədə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə