Azərbaycanlı alim Bolqarıstan ictimaiyyətini 20 Yanvar faciəsi barədə məlumatlandırıb
Sofiya, 20 yanvar, AZƏRTAC
Bolqarıstanın aparıcı Focus xəbər agentliyi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin “Yanvar faciəsi Azərbaycan xalqının şüurunda dönüş nöqtəsi oldu” adlı müsahibəsini yayıb.
Müsahibədə azərbaycanlı alim 20 Yanvar qətliamının tarixi haqqında ətraflı məlumat verir. Bildirir ki, yanvarın 19-dan 20-nə keçən gecə şəhərə hər tərəfdən tanklar, zirehli hərbi daşıyıcılar daxil olaraq əsl qırğın törətdilər. Tanklar və zirehli hərbi daşıyıcılar insanların üzərindən keçirdilər. Sovet və rus kinorejissoru Stanislav Qovoruxin yazırdı ki, Sumqayıt yolunun kənarında dayanmış minik maşını tank kolonnasının keçib getməsini gözləyirdi. Həmin maşında Elmlər Akademiyasının üç alimi, biri qadın olmaqla üç professoru vardı. Tanklardan biri kolonnadan ayrılaraq həmin maşının üstündən keçdi və bütün sərnişinlər tankın altında qaldı.
Alim qeyd edir ki, Bakıya hücum mərkəz tərəfindən ittifaq respublikasının ərazisinin işğalı və öz xalqına qarşı təcavüzkarlıq idi. Bu, eyni zamanda, sovet rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Azərbaycanda ağır sosial-iqtisadi vəziyyət yarandı, xalq mitinqlər, nümayişlər vasitəsilə etirazını bildirməyə, mərkəzi hakimiyyətdən erməni tərəfinin özbaşınalığının dayandırılması və qarşısının alınmasını tələb etməyə başladı. Əhalinin dinc mitinqləri davamlı xarakter aldı.
Müsahibədə bildirilir ki, Bakıya qoşun yeridilməsi öncədən planlaşdırılmış və hazırlanmış aksiya idi. Əsgərlərin məqsədyönlü şəkildə əhaliyə qarşı xüsusi amansızlıq nümayiş etdirdiyini bildirən alim əsas məqsədin əhalini maksimum cəzalandırmaq, onun iradəsini sındırmaq və digər respublikaların əhalisinə dərs vermək olduğunu qeyd edir.
Müsahibədə azərbaycanlı alim 20 Yanvar faciəsinin törədilməsinin səbəbləri barədə ətraflı məlumat verir.
Əhalinin məlumat boşluğunda olduğunu söyləyən R.Sevdimalıyev Yanvar faciəsi və onun miqyası barədə hərtərəfli məlumatın yanvarın 21-də ümummilli lider Heydər Əliyev tərəfindən Moskvada Azərbaycanın daimi nümayəndəliyində verildiyini diqqətə çatdırır. Əlavə edir ki, Heydər Əliyev bəyanatla çıxış edərək Bakıda mülki əhaliyə qarşı törədilən cinayətlərə görə məsuliyyəti Mixail Qorbaçovun daşıdığını bildirib.
Müəllif 1990-cı il 20 Yanvar tarixini Azərbaycan xalqının şüurunda dönüş nöqtəsi kimi qiymətləndirib. Bildirib ki, SSRİ ali rəhbərliyinin gözləntilərinə baxmayaraq, totalitar rejimin hərbi maşını Azərbaycan xalqının əzmini qıra bilmədi. Bu ağır günlərdə Azərbaycan xalqı müstəsna iradə, mərdlik, dəyanət və milli ruh nümayiş etdirdi. Faciə zamanı öldürülən insanlar müstəqillik uğrunda mübarizə qəhrəmanları olaraq dəfn edildilər. Yanvar hadisələri SSRİ rəhbərliyinə göstərdi ki, silahsız əhalinin birliyi totalitar rejimi devirməyə qadirdir. SSRİ rəhbərliyi başa düşürdü ki, imperiyanın süqutu qaçılmazdır. Sonrakı hadisələr bu qorxuları təsdiqlədi və 1991-ci ilin sonunda SSRİ süqut etdi.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya