Azərbaycanlı alim Çində ölkəmizin zəngin bitki müxtəlifliyi barədə təqdimat edib
Bakı, 22 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şəbnəm İsayeva Çinin Şanxay şəhərində keçirilən təlimdə “Beynəlxalq etnobotanika mübadiləsi” mövzusunda təqdimat edib. O, Azərbaycanın zəngin bitki müxtəlifliyi, dərman və təsərrüfat əhəmiyyətli bitkiləri, onların ənənəvi istifadəsi və biomüxtəlifliyin qorunmasında etnobotanikanın rolu barədə məlumat verib. Ş.İsayeva, həmçinin Botanika İnstitutunun elmi fəaliyyəti, Herbari fondu və beynəlxalq elmi əməkdaşlıq sahəsində görülən işlər barədə təqdimat edib.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.
Şəbnəm İsayeva Gürcüstan, Malayziya, Pakistan və Tailanddan olan nümayəndələrlə birgə “Canlı kolleksiyalar, herbarilər və biomüxtəlifliyin mühafizəsi” mövzusunda müasir yanaşmaları təqdim edib.
Qeyd edək ki, təqdimat Şanxay şəhərində “Botanika bağlarının inkişafı və idarə olunması üzrə beynəlxalq təlim proqramı” çərçivəsində reallaşıb. Həmin proqramın iştirakçıları üçün botanika bağlarının idarə olunması, bitki kolleksiyalarının formalaşdırılması, herbari kolleksiyalarının rəqəmsallaşdırılması, toxum banklarının təşkili, nadir bitkilərin mühafizəsi, etnobotanika və ekoloji maarifləndirmə mövzularında nəzəri və praktiki məşğələlər təşkil olunub. Təlim iştirakçıları, həmçinin Şanxay Botanika Bağı, Şanxay Təbiət Tarixi Muzeyi və digər elmi-tədqiqat müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
Proqramın sonunda bütün iştirakçılara beynəlxalq sertifikat təqdim olunub.