Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Azərbaycan Elmi Mərkəzinin (AEM) növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə RTEA-nın vitse-prezidenti, akademik Əzizağa Şahverdiyev, AMEA-nın müxbir üzvləri Tulparxan Salavatov, Qeylani Pənahov, Qurban Yetirmişli və digərləri iştirak ediblər.
İclasda qurumlar arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib, bu əlaqələrin cari ildə hansı istiqamətlər üzrə davam edəcəyi müəyyənləşdirilib.
Akademik İ.Quliyev dövlətlərarası elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 2014-cü il noyabrın 13-də AMEA və RTEA rəhbərliyinin təşəbbüsü ilə yaradılan RTEA-nın Azərbaycan Elmi Mərkəzinin fəaliyyəti hər iki qurumun yaradıcı kollektivləri arasında texnologiya, texnika və təhsil sahələrində əlaqələrin yaranmasına, birlikdə aparılan fundamental və tətbiqi araşdırmaların genişlənməsinə, müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunmasına yönəlib.
İclasda qeyd edilib ki, RTEA-nın prezidenti, akademik Oleq Kuznetsovun sədrliyi ilə keçirilən RTEA Rəyasət Heyətinin iclasında gizli səsvermə yolu ilə AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzinin direktoru, professor Rüfət Məmmədov akademiyanın xarici üzvü seçilib. Bu məqsədlə alimə RTEA-nın xarici üzvü diplomu, vəsiqəsi və fərqlənmə nişanı təqdim olunub.