MƏDƏNİYYƏT
Azərbaycanlı bəstəkar Türkiyə ilə Macarıstan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir
Ankara, 23 noyabr, AZƏRTAC
Dekabrın 12-də Ankarada Türkiyə-Macarıstan münasibətlərinin 100 illiyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində məşhur Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsəri ifa olunacaq.
Bəstəkarın AZƏRTAC-a bildirdiyinə görə, Türkiyə Prezidenti Administrasiyası kompleksində keçiriləcək qala-konsert çərçivəsində dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə onun “Gül Baba” simfonik poeması səsləndiriləcək.
“Bu əsər Osmanlı dövrünün məşhur din xadimi, həyatını macar xalqına köməyə həsr etmiş Gül Babaya həsr olunub. “1541-ci ildə macarlarla avstriyalılar arasında gedən döyüşlərdə həlak olan Gül Babanın dəfn mərasimində şəxsən Sultan Süleyman da daxil olmaqla 200 min nəfər iştirak edib”, - deyə bəstəkar bildirib.
O qeyd edib ki, “Gül Baba” simfonik poemasının premyerası 2022-ci ildə baş tutub. Əsər isə ilk dəfə Türkiyə Prezidenti Administrasiyasının simfonik orkestri tərəfindən ifa olunub.
Həmyerlimiz Azərbaycanın Qarabağ bölgəsinə həsr olunmuş balaban konsertini ən əlamətdar əsərlər sırasına daxil edib. Bəstəkar və pianoçunun bu əsəri ötən il Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə “Qarabağ inciləri” yubiley konsertində səsləndirilib. “Xeyriyyə konserti ilə çıxış etməyi, bütün vəsaiti isə şəhid ailələrinə, qazilərə köçürməyi özümə borc bildim”, - deyə o, vurğulayıb.
İ.Mirzəyev Azərbaycan musiqi məktəbini dünyanın aparıcı məktəblərindən biri adlandırıb. “Azərbaycanın peşəkar musiqi sənəti Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və digər əfsanəvi şəxsiyyətlərlə bağlıdır. Mən bu dünyanın bir parçası olmaqdan qürur duyuram”, - deyə yaradıcılığı Azərbaycan sərhədlərindən çox-çox uzaqlarda, o cümlədən 30 ildən artıq uğurla çıxış etdiyi Türkiyədə tanınan bəstəkar vurğulayıb.
Həmyerlilərimizin əsərlərini Bakı, İstanbul, London, Berlin, Vyana, Paris və dünyanın bir çox şəhərlərində orkestrlər dəfələrlə ifa edib. Bəstəkar digər əsərləri ilə yanaşı, soloda fortepiano proqramları ilə çıxış edir. O, dünyada Azərbaycan “mədəni diplomatiyasının” ötürücülərindən biridir.
İ.Mirzəyev caz və estrada həvəskarları arasında da populyardır. Bu illər ərzində Nilufər, Candan Erçetin, Fatih Erkoç, Sezen Aksu, Sertap Erener və başqaları kimi məşhur türk estrada ifaçıları onun xidmətindən bəhrələniblər.
Cəmi bir ay əvvəl İstanbulda Cemal Rəşid Rey Konsert Salonunun səhnəsində Türkiyə və ABŞ-ın məşhur caz qruplarının iştirakı ilə İ.Mirzəyevin konserti olub.
Həmyerlimiz əfsanəvi bəstəkar, pianoçu, caz və muğam sintezinin banisi Vaqif Mustafazadə ilə əməkdaşlıq illərini xüsusi hərarətlə xatırlayıb. Bəstəkar həyatının ən faciəli tarixlərindən birini V.Mustafazadənin Daşkənddə ürək tutmasından vəfat etdiyi gün adlandırıb.
O, caza sevgisinin zamanın sınağından çıxdığını və bu gün onun rəhbərlik etdiyi caz qrupunun Türkiyədə fəaliyyətini davam etdirdiyini vurğulayıb.
İ.Mirzəyev Rafiq Babayevin rəhbərliyi ilə estrada simfonik orkestrində işlədiyi dövr haqqında da səmimi danışıb. Bəstəkar hazırda Ankarada “Tekfen” Filarmonik Orkestrinin bəstəkarı kimi yaradıcılığını davam etdirir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara