Azərbaycanlı bəstəkar və pianoçunun Rusiyada konsertləri olub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanlı bəstəkar və pianoçu Riad Məmmədovun Moskva və Sankt-Peterburq şəhərlərində konsertləri olub.
AZƏRTAC xəbər verir ki, Rusiya Milli Dram Teatrında (Aleksandriyski teatr) Vs. Meyerxold adına Aleksandriyski teatrının yeni səhnəsinin 10 illiyinə həsr olunmuş “Yeni X Piano Gala” Festivalı keçirilib.
Festival çərçivəsində çıxış edən pianoçular Riad Məmmədov, Aleksey Qribol və Nastasiya Xruşovanın konsert proqramına Qara Qarayevin prelyudiyalarından və Vaqif Mustafazadənin “Bayatı-Şiraz” caz-muğam kompozisiyasından tutmuş Nastasiya Xruşovanın “rus dalanları”na qədər XX əsr və XXI əsrin əvvəllərinə aid musiqi əsərləri daxil edilib.
Azərbaycanlı bəstəkar və pianoçunun daha bir konserti “Rassvet” mədəniyyət evində olub. O, xalq və akademik musiqi ifaçıları - Ehtiram Hüseynov (xanəndə), Sergey Korçagin (kontrabas), Əliağa Sədiyev (tar) ilə birlikdə muğama həsr etdiyi “Cənnətdən şərqə” proqramını təqdim edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva