Azərbaycanlı diplomat ölkəmizdə müxtəlif dini irs abidələrinin bərpasına verilən önəmdən yazıb
Paris, 7 yanvar, AZƏRTAC
Azərbaycan tolerantlıq və mədəni müxtəlifliyi təcəssüm etdirir. Dözümsüzlüyün artması, öz kimliyinə qapanma və icmalararası zorakılıqlardan narahat dünyada ideoloji cərəyanlar Şimalda, eləcə də Cənubda Şərq və Qərbə qarşı qoyulur və “sivilizasiyaların toqquşması” kimi ifadələrə əsaslanaraq qaranlıq planlara yol açır. Hər yerdə artan ekstremizmin bu kontekstində Azərbaycan istisna təşkil edir.
Avropa və Asiyanı birləşdirən Azərbaycan hər zaman mükəmməl qonaqpərvərliyi ilə seçilir. Mədəni müxtəliflik ölkəsi bütün təbəqələrdən olan insanlar və bütün inanclar arasında sülh, dialoq və qarşılıqlı hörmət telləri ilə bağlıdırlar. Azərbaycan ümumdünya prinsiplərinin və tərəqqi ideallarının təbliğinə böyük töhfə verib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri Ayaz Qocayevin “Mediapart” portalında dərc olunmuş “Azərbaycan tolerantlıq və mədəni müxtəlifliyi təcəssüm etdirir” adlı məqaləsində yer alıb.
Məqalədə ölkəmizin əsrlər boyu elm, fəlsəfə, incəsənətin məhsulu olan mədəni irsə malik olduğu qeyd edilir. XII əsrin məşhur şairi olan Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının bu gün də dialoq və mədəni müxtəliflik baxımından etalon olduğu göstərilir. N. Gəncəvi əsərlərində bütün xalqları təmsil edən qəhrəmanlardan bəhs edir. İrqi, milli və dini ayrıseçkiliyin olmadığını bildirir.
Azərbaycanda müxtəlif etnik qrupların-yəhudilərin, ukraynalıların, rusların, ermənilərin, almanların mehriban ailə kimi yaşamasından bəhs olunub. Hələ birinci respublikanın parlamentində ölkədə yaşayan bütün etnik qrupların təmsil olunduğu qeyd edilib.
Yazıda bildirilir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra həmişə mədəni irsi, xüsusilə də məscidlər, kilsələr, sinaqoqlar kimi dini məkanları qorumağı və bərpa etməyi şərəfli iş hesab edib.
Məqalədə Heydər Əliyev Fonunun bir çox Avropa ölkələrində, eləcə də Vatikanda xristian mədəni irsinin nümunələrinin bərpası sahəsində həyata keçirdiyi layihələr də sadalanıb.
Son illər ölkəmizin Qafqaz regionunda multikulturalizmin əsas mehvəri olduğu diqqətə çatdırılıb, Bakının ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan, onun əhəmiyyətindən danışılıb.
“Qitəmizdə, regionumuzda sülh, sabitlik, təhlükəsizlik və firavanlığın bərqərar olması istiqamətində dialoqun fəzilətlərini özündə cəmləşdirən bütün təşəbbüsləri davam etdirmək və tətbiq etmək üçün Azərbaycanın iradəsi sarsılmzdır”, - deyə A.Qocayev məqalənin sonunda qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris