Azərbaycanlı gənclər “Huawei”də təcrübə keçəcək


Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Huawei” şirkəti tərəfindən həyata keçirilən “Seeds For The Future” layihəsinin qalibləri Çinə yola düşüb. Tələbələr “Huawei” şirkətinin baş ofisində təcrübə toplamaq, o cümlədən seminar və təlimlərdə iştirak etmək imkanı qazanıblar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə “Huawei” tərəfindən bir neçə ildir keçirilən bu layihə istedadlı gənclərin aşkar edilməsi və onların gələcəkdə “Huawei” ailəsinin bir hissəsinə çevrilməsində xüsusi rol oynayır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Huawei” şirkətinin nümayəndələrindən ibarət münsiflər heyəti 20 tələbə arasından 10 nəfərini seçərək müsabiqədə iştirak etmələrinə razılıq verib.
Layihənin qalibləri Bəylər Bayramov (ADA), Gülnarə Əliyeva (ADA), Ülvi Mehdiyev (ADA), Lalə Əsgərova (ADA), Leyla Abdulsəməd (ADNSU), Türkan Nəbiyeva (ADNSU), Kamil Əliyev (BMU), Fərid Həmidov (BANM), Tapdıq Məhərrəmli (BANM) və Rəhman Abbaszadə (UNEC) olub.
Ötən 4 il ərzində onlarla azərbaycanlı gənc bu layihədə iştirak edərək, “Huawei” kimi dünya nəhənginin iş üsulları ilə tanış olub, İKT üzrə biliklərini artırıb.