Azərbaycanlı rektor Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
Bakı, 2 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.
E.Qasımov səfər zamanı EURAS-ın prezidenti, İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb. O, EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Rektor sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) beynəlxalq əlaqələr üzrə rəhbər nümayəndəsi İbrahim Yorqunla görüşərək BANM ilə ODTÜ arasında yeni ixtisaslar üzrə birgə proqramın həyata keçirilməsi ilə bağlı da danışıqlar aparıb.
Bir sıra panellərdə iştirak edən rektor E.Qasımov, həmçinin Ərəb Universitetlər Assosiasiyasının rəhbəri Sultan Abu-Orabi və sektorun digər qurumlarının rəhbər nümayəndələri ilə görüşüb.