ELM VƏ TƏHSİL
Azərbaycanlı tədqiqatçılar tərəfindən yüksək istiliyə davamlı asfalt texnologiyası işlənilib


Bakı, 19 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun elmi işçisi Hacı Vahid Axundzadə ilə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsinin doktorantı Bəxtiyar Nəcəfov tərəfindən yüksək istiləyə davamlı yeni nəsil asfalt texnologiyası işlənilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin Yıldız Texniki Universitetində aparılan müstəqil analizlər bu asfaltın bitum kompozisiyasının 65 dərəcəyə qədər fiziki dəyişikliyə uğramadığını aşkar edib. Mövcud statistik göstəricilərə əsasən, 2000-ci illərdən bu günədək urban bölgələrdəki istilik göstəriciləri monoton şəkildə artıb, xüsusən 2020-ci illərin əvvəlindən etibarən isti hava dalğalarının tezliyi və intensivliyi kritik səviyyədə təzyiq yaradıb.
H.Axundzadə və B.Nəcəfov tərəfindən hazırlanan innovativ asfalt texnologiyası yalnız Türkiyə və Azərbaycan üçün deyil, qlobal şərait üçün də mühüm strateji əhəmiyyət kəsb edir. Əriyən asfalt yolların funksionallığını azaltmaqla yanaşı, şəhərlərdə isti ada effektini də kataliz edərək mikroklimatik dəyişikliklərə səbəb olur. Aparılan tədqiqatlarla yeni asfalt texnologiyasının bu dəyişiklikləri minimuma endirəcəyi sübuta yetirilib.
Türkiyədə qurulması planlaşdırılan texnopark şirkəti vasitəsilə bu asfalt texnologiyasının dünya ölkələrində tətbiqi üçün platformanın yaradılması planlaşdırılır. Türkiyə və Azərbaycanın bu elmi və texnoloji əməkdaşlığı qlobal ekoloji problemlərə adaptiv və innovativ həll yolu tapmaq üçün nümunəvi bir təşəbbüsdür.