AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN AVROPA FORUMU YUNANISTANDA “YAY FORUMU” TƏŞKİL ETMİŞDİR
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Azərbaycanlı Tələbələrin Avropa Forumunun təşkilatçılığı ilə Afinada Avropada təhsil alan azərbaycanlı tələbələrin “Yay forumu” keçirilmişdir.
Forumun keçirilməsində əsas məqsəd Avropada təhsil alan azərbaycanlı gənclərin şəbəkəsini yaratmaq, gənclər arasında birgə effektiv fəaliyyət üçün əsaslar yaratmaq, Azərbaycanın inkişafı ilə bağlı müxtəlif mövzular və ideyalar ətrafında fikir mübadiləsi aparmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin beynəlxalq təşkilatlarda müdafiə olunmasında gənclərin rolunun artırılmasını müzakirə etməkdir.
Forumun açılış mərasimi Afinadakı Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur. Mərasimdə Azərbaycanın Yunanıstandakı səfiri Mirhəmzə Əfəndiyev iştirak etmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır.
Bundan sonra Forum iştirakçıları “European Profiles” şirkətində olmuşlar. Tələbələrə şirkətin Azərbaycanda həyata keçirdiyi layihələr, həmçinin xaricdə təhsil alan tələbələr üçün göstərilən xidmət və proqramlar haqqında məlumat verilmişdir.
Azərbaycanlı tələbələr Yunanıstan parlamentinin iclasında da dinləyici kimi iştirak etmişlər. Onlara Yunanıstan parlamentinin gündəlik iş fəaliyyəti, tarixi, strukturu, deputatların sayı, ölkənin idarəedilməsində parlamentin rolu barədə geniş məlumatlar verilmişdir.
Səfər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan Gecəsi” təşkil edilmişdir. Diplomatik korpusun, beynəlxalq təşkilatların və dövlət orqanlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın milli mətbəxi və musiqisi təqdim edilmişdir.
######
