Azərbaycanlılara qarşı törədilən soyqırım xalqımızın qan yaddaşında dərin iz buraxmışdır
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istehsalat sahələrində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilmişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər iki əsr ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldığını demişlər.
Bildirilmişdir ki, qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidələr və yaşayış məskənləri dağıdılaraq viran edilmişdir. Erməni daşnakları təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, eləcə də Bakı quberniyasında, Şamaxı, Quba və Göyçay şəhərlərində, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı olaraq xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, xalqımıza qarşı törədilən soyqırımından 96 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında dərin iz buraxmışdır. Bildirilmişdir ki, ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün də özünü Dağlıq Qarabağda baş verən məlum hadisələrlə büruzə verir. Bu həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməmişdir. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqli olduğuna görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün olacaqdır.
Tədbir iştirakçıları vurğulamışlar ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün gənc nəsil vətənpərvərlik və mübarizlik ruhunda tərbiyə edilməlidir.