Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Respublika Veteranlar Təşkilatında anım tədbiri keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları XIX əsrin əvvəllərindən etibarən azərbaycanlıları tarixən yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurublar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən anım mərasimində səslənib.
Mərasimdə əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlarından danışıb. Bildirib ki, 1905-1907-ci illərdə Bakıda və Azərbaycanın digər bölgələrində, habelə indiki Ermənistan ərazisində xalqımıza qarşı qanlı qırğınlar həyata keçirilib. Ermənilər Bakıda soyqırımı törətməyə 1918-ci ilin yanvarında cəhd etsələr də, onların bu planı baş tutmayıb. Lakin erməni şovinistləri bu məkrli niyyətlərini 1918-ci ilin martında həyata keçirərək on minlərlə günahsız insanı qətlə yetirdilər. Soyqırımının ildönümləri 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. D.Rzayev diqqətə çatdırıb ki, bu qanlı cinayətlərə görə layiqli cəzalarını almayan ermənilər 1992-ci ilin fevralında Xocalı şəhərində daha bir qanlı qırğın törədərək yüzlərlə azərbaycanlını qətlə yetirdilər, şəhəri yerlə-yeksan etdilər.
Bildirilib ki, mart soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən, xalqımız hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi dərin hüznlə qeyd edir.
Azərbaycanın tarixi, o cümlədən xalqımıza qarşı törədilən soyqırımları ilə bağlı gənc nəslin məlumatlandırılması işində veteranların da yaxından iştirak etdiklərini vurğulayan D.Rzayev veteranlara göstərilən diqqət və qayğının onları daha da ruhlandırdıqlarını deyib.
Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Oqtay Şahbazov tədbirdə çıxış edərək xalqımızın başına gətirilən soyqırımı hadisələrindən danışıb, bu qanlı faciələrə əsil hüquqi qiymətin məhz ulu öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.
Veteranlarla görüşməkdən məmnunluğunu bildirən Oqtay Şahbazov deyib ki, ulu öndər Heydər Əliyev veteranlara daim diqqət göstərir, onların problemlərinin həllinə qayğı ilə yanaşırdı. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində, tarixi həqiqətlərin onlara çatdırılmasında veteranlarımızın rolunu yüksək qiymətləndirən Oqtay Şahbazov bildirib ki, Vətənimizin müdafiəsində misilsiz rəşadətlər göstərmiş veteranlara hörmət və ehtiram göstərmək hər birimizin borcudur.
Sonra Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə veteranlara göstərilən diqqət və qayğıya, veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə O.Şahbazov “Veteran həmrəyliyi” medalı və “Veteranların qayğıkeşi” diplomu ilə təltif olunub. Tədbirdə, həmçinin ehtiyatda olan polkovnik İsmayıl Ələkbərova da “Veteran həmrəyliyi” medalı təqdim edilib.