“Azərenerji” SCADA iderəetmə sistemini yeniləyir
Bakı, 21 may, AZƏRTAC
Enerji sistemini müasir avadanlıqlar və proqram təminatı ilə təchiz edəcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla ilkin mərhələdə 21 elektrik stansiyasını və 70 yarımstansiyanı əhatə edəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, yeni SCADA sisteminə qoşulacaq enerji obyektlərində müvafiq işlər aparılıb, o cümlədən yeni avadanlıqların yerləşəcəyi obyektlərdə otaqların təmir-bərpa işləri yekunlaşdırılıb.
Yeni SCADA sistemi layihəsi çərçivəsində müasir dispetçer telefon rabitəsi yaradılır və təhlükəsizlik sistemi isə kiberhücumlara qarşı tam cavab verə biləcək səviyyədə qurulur. Rabitə və telekommunikasiya avadanlıqları xarici ölkələrdən gətirilir. Ümumi uzunluğu 1300 kilometr olacaq əlavə fiber-optik kabelin çəkilişi davam edir. Yeni radiorabitə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır.
İsveçrənin “ABB” şirkəti ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 2019-cu il avqustun 1-dən layihənin icrasına başlanılıb və yeni SCADA layihəsinin bu il dekabrın 31-də tam başa çatdırılması nəzərdə tutulur.
Yenilənəcək SCADA sistemi müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılır. Bu, etibarlılıq və təhlükəsizliyi gücləndirilməklə yanaşı, qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə dəstək olur.