“AZƏRİKİMYA” DÖVLƏT ŞİRKƏTİNİN KEÇİRDİYİ TENDERİN QALİBİ ALMANİYANIN “ABB LUMMUS GLOBAL” ŞİRKƏTİ OLMUŞDUR
Neft-kimya sahəsində böyük təcrübəyə malik olan Almaniyanın “ABB Lummus Global” şirkətinin tenderə təqdim olunmuş təklifi beynəlxalq texniki və ekoloji standartlara, o cümlədən “Azərikimya” Dövlət Şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texniki tələblərə daha çox cavab verdiyinə görə həmin şirkət tenderin qalibi elan olunmuşdur.
Bu layihənin reallaşdırılması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft-kimya kompleksinin genişmiqyaslı yenidən qurulmasının başlanğıcı olacaqdır. Dünya səviyyəli elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərindən istifadə etməklə yaradılacaq ekoloji cəhətdən təmiz istehsal sahələri Sumqayıt şəhəri və ətraf rayonların sosial-iqtisadi və ekoloji problemlərinin həllində mühüm yer tutacaqdır.
“Azərikimya” Dövlət Şirkətinin prezidenti, Milli Məclisin deputatı professor Məcid Kərimovun qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin neft-kimya kompleksinin əsaslı surətdə yenidən qurulması, məhsulun çeşidinin genişləndirilməsi, regionda kimya məhsullarının əsas istehsalçısı olan Azərbaycanın kimya müəssisələrinin mövqelərinin beynəlxalq standartlara cavab verən məhsulların istehsalçısı kimi möhkəmləndirilməsi istiqamətində mühüm vəzifələr qoyulmuşdur.
İndi “Azərikimya” Dövlət Şirkətinin daxili imkanları hesabına tikinti sahəsi və meydançaları yüksək beynəlxalq standartlara uyğun surətdə hazırlanmaqdadır və bundan irəli gələn bütün zəruri tədbirlər görülür.