“Azəriqaz” 2017-ci ildə qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 4 min 575 texniki şərt verib
Bakı, 23 yanvar, AZƏRTAC
Ötən il “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 4 min 575 ədəd texniki şərt verilib.
AZƏRTAC xəbər verir ki, keçən il “Azəriqaz” layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini davam etdirib. Belə ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 4 min 575 ədəd texniki şərt verilib. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 110 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanıb.
Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülüb. Ötən il ərzində “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 5 min 391 layihə-smeta sənədi hazırlanaraq, birliyə və digər sifarişçilərə təhvil verilib. Bunun da 264 kənd və qəsəbələrin qazlaşdırılması, 549 obyektlərin təmiri, 4 min 575 sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 3 inzibati binalar, anbar binaları və sair tikinti işləri üzrədir.
2017-ci il ərzində 184 ədəd fiziki və hüquqi şəxslərin müraciətləri əsasında hazırlanan qeyri-yaşayış sahəsinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılıb. Bundan başqa, ötən il 495 ədəd birliyin sifarişi ilə hazırlanmış layihə-smeta sənədi razılaşdırılıb.