“Azərişıq” 3 rayonun kəndlərində elektrik enerjisi şəbəkəsini yenidən qurur
Bakı, 25 iyul, AZƏRTAC
İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Ağsu Elektrik Şəbəkəsinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev AZƏRTAC-a bildirib ki, Ağsu rayonu Ağabəyli kəndi ərazisində 35/10 kilovoltluq yeni yarımstansiyanın inşasına başlanılıb. Yarımstansiyanı qidalandıracaq 15 kilometr uzunluğunda xəttin inşası tamamlanıb. Bununla da 17 kənddə 3 min abonentin enerji təchizatı tamamilə yaxşılaşacaq. Ümumiyyətlə şəbəkə ərazisində son 6 ay ərzində 10 kənddə elektrik enerjisi təchizatı tamamilə yenilənib. Yarım ildə 698 sayğac yenisi ilə əvəz olunub, 81 abonentə yeni sayğac quraşdırılıb. Yeni inşa edilmiş 110/35/10 kilovoltluq Ağsu yarımstansiyasında son tamamlama işləri aparılıb. Ağsu yarımstansiyası şəhərin mərkəzini və 65 kəndini, o cümlədən 11 min 300 abonenti fasiləsiz elektrik enerjisi ilə təchiz edir.
Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində istismara yararsız dayaq və naqillər, həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur. Elektrik enerjisi təsərrüfatı 60-cı illərdə qurulmuş əksər yaşayış məntəqəsində uzunmüddətli istismar səbəbində bir çox problemlər yaşanırdı. Elektrik enerji təchizatı tamamilə yenilənən kəndlərdən biri də Qarayazıdır. 445 abonenti olan kənddə sakinlər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.
Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kilovoltluq “Pirkəkə” yarımstansiyasında əsaslı təmir işləri görülüb. Yarımstansiya 11 kəndi, 3 min abonenti elektrik enerjisi ilə təmin edir. Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 20-dən çox 10/0,4 kilovoltluq transformator məntəqəsi (TM) və komplekt transformator məntəqəsi (KTM) şəbəkənin daxili imkanları hesabına təmir olunub və çəpərlənib. Son bir neçə ay ərzində 103 fərdi abonentə yeni sayğac quraşdırılıb, 1679 ədəd köhnə tipli sayğac yeni müasir tipli sayğacla əvəz edilib.