“Azərişıq” Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma layihəsi çərçivəsində bütün regionlarda olduğu kimi, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisinə daxil olan kəndlərdə də genişmiqyaslı işlər davam etdirilir. Xaçmaz rayonunda artıq 7 kənddə - Yürgüc, Əhmədoba, Hacıəhmədoba, Sərkərli, Üçgün, Padar və Armudpadar kəndlərində işlər yekunlaşıb. Uzunoba, Xanoba və Şıxlı kəndlərində isə işlər davam etdirilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, işlərin yekunlaşdığı kəndlərdən biri də Xaçmazın 600-dək abonenti olan Yergücdür. Yenidənqurma işləri çərçivəsində 7 komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, dayaqlar və kabel xətləri yenilənib. Beləliklə, köhnə elektrik şəbəkəsinin kənd sakinləri üçün yaratdığı problemlər geridə qalıb.
Hacıəhmədoba kəndində də yenidənqurma işləri başa çatıb. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yeni KTM-lər quraşdırılıb, köhnə dayaqlar yenisi ilə əvəzlənib, eyni zamanda kabel xətləri də müasirləri ilə əvəz olunub.
Digər kəndlərdə də yenidənqurma işləri yekunlaşdıqdan sonra Xaçmaz rayonunda ümumilikdə, 15 minə yaxın sakin keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.