“Azərkosmos” Kosmik Texnologiyalar Konfransında regional əməkdaşlığını gücləndirir
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Özbəkistanın Daşkənd şəhərində Kosmik Texnologiyalar Konfransında ölkəmizi təmsil edib.
Bu barədə AZƏRTAC-a “Azərkosmos”dan məlumat verilib.
Bildirilib ki, konfrans çərçivəsində “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov plenar sessiyada çıxış edib.
Çıxışında 2026-cı ilin “Azərkosmos” üçün xüsusi bir il olduğunu və qurumun fəaliyyətinin 15 illik yubileyini qeyd etdiyini bildirib. O, həmçinin kosmik texnologiyaların, davamlı inkişaf, iqtisadi artım və beynəlxalq əməkdaşlığın əsas alətlərindən birinə çevrildiyini vurğulayıb.
Dunay Bədirxanov qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq tərəfdaşlarla həyata keçirdiyi layihələr və təşəbbüslər sayəsində kosmik sahədə mövqeyini gücləndirib.
İnnovasiya istiqamətində ölkədə məktəblilər tərəfindən hazırlanmış ilk peykin orbitə buraxılması xüsusi qeyd olunub. Bununla yanaşı, kənd təsərrüfatı və geoinformasiya sahələrində tətbiq olunan “FarmerApp” və “Platerra” kimi rəqəmsal həllər, eləcə də “Azconnexus” telekommunikasiya xidməti regionda rəqəmsal transformasiyaya töhfə verir.
Davamlılıq sahəsində isə “Azərkosmos”un ətraf mühitin monitorinqi və iqlim dəyişiklikləri ilə mübarizədə peyk texnologiyalarından istifadə etdiyi vurğulanıb. Xəzər dənizində su səviyyəsinin izlənməsi layihəsi bu istiqamətdə nümunə kimi təqdim olunub.
Konfrans çərçivəsində “Azərkosmos” Azərbaycanın kosmik sənayesinə dair brifinq (Country Space Briefing) təşkil edib. Tədbirdə “Azərkosmos”un bu günədək həyata keçirdiyi fəaliyyətlər, əldə etdiyi əsas nailiyyətlər və gələcək planlar iştirakçılara təqdim edilib.
Əlavə olaraq, agentlik Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin rəhbərlərinin 5-ci illik toplantısında da təmsil olunub. Görüşdə çıxış edən Dunay Bədirxanov, Türk dövlətləri arasında kosmik sahədə əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birgə CubeSat layihəsi, peyk məlumatlarının paylaşımı, kənd təsərrüfatı və fövqəladə halların idarə olunması sahələrində həyata keçirilən layihələr regional əməkdaşlığın mühüm istiqamətləri kimi təqdim olunub.
Daha sonra, “Azərkosmos”un Mərkəzi Asiya ölkələrində həyata keçirdiyi Coğrafi İnformasiya Sistemləri (CİS) layihələri, o cümlədən Qırğızıstanda əkin sahələrinin xəritələnməsi təşəbbüsü və telekommunikasiya sahəsində regional tərəfdaşlıqlar diqqətə çatdırılıb. Gələcək əməkdaşlıq üçün əsas prioritetlər kimi insan kapitalının inkişafı, təcrübə mübadiləsi və birgə kosmik standartların formalaşdırılması qeyd olunub.
Müxbir – Pərvanə Qafarova