İQTİSADİYYAT
“Azərpoçt” əmək yarmarkasında iştirak edib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “Azərpoçt” MMC Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil olunan işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkasında iştirak edib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən poçtalyon, əməliyyatçı, şəbəkələrin idarə olunması şöbəsi üçün aparıcı mütəxəssis, sistem inzibatçılığı şöbəsi üçün aparıcı mütəxəssis, texniki dəstək şöbəsi üçün aparıcı mütəxəssis kimi vakant iş yerləri təqdim olunub.
Müraciət edən şəxslərə vakant iş yerləri barədə geniş məlumat verilib, peşə bacarığına uyğun iş tapılmasında köməklik göstərilib və müraciətlər dəyərləndirilib.
Nəzərinizə çatdırırıq ki, qeyd edilən işlər üzrə vakansiyalar hazırda mövcuddur. Maraqlananlar CV-lərini “[email protected]” ünvanına göndərə bilərlər.
Xatırladaq ki, “Azərpoçt” MMC Respublika üzrə 1500-ə yaxın poçt şöbəsində ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, eləcə də biznes xidmətlərini təqdim edir.