“Azərsığorta” dövlət kommersiya şirkəti sığorta şirkətləri arasında lider olmuşdur
Bakı, 29 oktyabr (AZƏRTAC). Bu ilin yanvar-sentyabrında “Azərsığorta” dövlət kommersiya şirkəti sığorta tədiyələrinin yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olmuşdur.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hesabat dövründə “Azərsığorta”nın tədiyə yığımı 17,48 milyon manat və ya sığortaçıların bütün tədiyələrinin 14,8 faizini təşkil etmişdir.
Yanvar-sentyabr aylarının göstəriciləri üzrə yığılan tədiyələrin məbləğinə görə 10 aparıcı sığorta şirkətinin sırasına AzSigorta (11,65 milyon), “Azal sığorta” (11,16 milyon), “Pasha Sığorta” (10,81 milyon), "Atəşgah" (10,09 milyon), “Me Beynəlxalq sığorta şirkəti” (7,89 milyon), “Standard Insurance” (6,68 milyon), Mbask (6,12 milyon), “Xalq sığorta” (5,50 milyon) və A-Group (5,48 milyon) daxil olmuşdur.
Ümumilikdə, 2010-cu ilin yanvar-sentyabrında bazarda fəaliyyət göstərən 27 sığorta şirkətinin hamısı tədiyə əldə etmişdir. Bundan başqa, 19 sığorta şirkətinin əldə etdiyi tədiyənin məbləği 1 milyondan çox olmuşdur.
Hesabat dövründə sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən şirkət “Azərsığorta” olmuşdur. Ödənişlərin məbləği 7,81 milyon manat və ya yanvar-sentyabr aylarında bütün ödənişlərin 21,8 faizini təşkil etmişdir.
Ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına A-Group (4,38 milyon), “Atəşgah” (3,88 milyon), “Beynəlxalq sığorta şirkəti” (3,84 milyon), Mbask (2,63 milyon), “Pasha Sigorta” (1,74 milyon), “Standard Insurance” (1,52 milyon), " “Xalq sığorta” " (1,32 milyon), "Başak İnam" (1,28 milyon) və " Azərbaycan Sənaye Sığorta " şirkətləri (1,05 milyon) daxildirlər.
Bu ilin yanvar-sentyabrında 27 sığorta şirkətinin hamısı ödəniş həyata keçirmişdir. Bu müddətdə sığortaçıların ümumi tədiyələri 117,96 milyon manat, ödənişləri 35,79 milyon manat təşkil etmişdir.