AZƏRTAC-ın fotomüxbiri beynəlxalq fotomüsabiqədə qızıl medala layiq görülüb
Bakı, 28 avqust, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Hindistanda keçirilən 6TH THROUGH THE LENS INTERNATIONAL SALON 2020 beynəlxalq fotomüsabiqəsində Malda Fotoqraflar Birliyinin (MAP) qızıl medalına layiq görülüb.
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi ilə keçirilən fotomüsabiqəyə 49 ölkədən 260 müəllif tərəfindən 4800 fotoşəkil göndərilmişdir. MAP-ın qızıl medalı müəllifin 2016-cı il Braziliya Paralimpiya Oyunlarında çəkdiyi “Güclü rəqib” fotosuna görə verilib.
Bununla yanaşı, fotomüxbirin daha iki fotosu ABŞ-da New-York - The Empire State 2020 Beynəlxalq müsabiqəsində mükafata layiq görülüb. FIAP-ın keçirdiyi bu müsabiqədə 70 ölkədən 600-dən çox fotoqraf iştirak etmişdir. Fotosalonun gümüş medalına layiq görülən "Etibarlılıq" fotoşəkli 1993-cü ildə Murovdağda çəkilib. “Batut üzərində tullanma” adlı müəllifin ikinci fotosu 2017-ci ildə Bakıda Milli Gimnastika Arenasının zalında çəkilib və Beynəlxalq Foto Sənəti Federasiyasının Fəxri lentinə layiq görülüb.