MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbirinin növbəti beynəlxalq mükafatları


Bakı, 8 noyabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Hindistanda və Bolqarıstanda keçirilən beynəlxalq fotomüsabiqələrin nəticələrinə görə, Hindistan Fotoqraflar Federasiyasının qızıl medalına və Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) fəxri lentinə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, FİAP-ın himayəsi ilə Hindistanda keçirilmiş “Perspective V - International Salon of Photography” müsabiqəsinin qızıl medalı İlqar Cəfərovun 2016-cı ildə Heydər Əliyev Mərkəzinin qarşısında çəkdiyi “Həndəsədə əks olunmuş həyat” fotoşəklinə görə verilib.
Bolqarıstanda keçirilmiş “Start photo Sofia 2017” beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvləri FİAP-ın fəxri lentini fotomüxbirin “Həlledici tullama” fotoşəklinə görə veriblər. İlqar Cəfərov bu fotoşəkli 2016-cı ildə Rio-de-Janeyroda sərbəst güləş üzrə final görüşdən çəkib.