AzMİU-nun kollektivi talassemiyalı xəstələr üçün könüllü qan verib
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əsas korpusunda könüllü qanvermə aksiyası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Talassemiya Federasiyası tərəfindən dəstəklənən “Donor günü” adlı aksiyada tələbə və müəllimlər böyük həvəslə iştirak ediblər. Aksiyaya Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası nəzarət edib. Xüsusi tibb briqadasının üzvləri hər bir donorun sağlamlığını yerindəcə müəyyənləşdiriblər.
Qeyd edək ki, AzMİU-nun kollektivi hər il qana ehtiyacı olan insanlara kömək məqsədilə bu nəcib və humanist aksiyaya qoşulur.