ELM VƏ TƏHSİL
AzMİU tələbələri üçün daha bir şirkətdə təcrübə və iş imkanı yarandı
![AzMİU tələbələri üçün daha bir şirkətdə təcrübə və iş imkanı yarandı](/files/2023/2/1200x630/16863134656456549778_1200x630.jpg)
Bakı, 9 iyun, AZƏRTAC
“Kristal Abşeron” Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Qonaqlara universitet haqqında ətraflı məlumat verilib. Texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrinin önəminə diqqət çəkən rektor Gülçöhrə Məmmədova “Kristal Abşeron”la AzMİU arasında bir sıra istiqamət üzrə əməkdaşlığın mümkün olduğunu bildirib.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-da mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin şirkət tərəfindən reallaşdırılan böyükmiqyaslı layihələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün müstəsna imkanlar yarada bilər.
AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyən Mahayət Nəbiyev “Kristal Abşeron” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Qonaq qeyd edib ki, AzMİU alimlərinin inşaat sektoru ilə bağlı elmi tədqiqatları “Kristal Abşeron” üçün mühüm əhəmiyyət kəsb edir və şirkət mühəndis kadrların yetişdirilməsi işində universitetlə müxtəlif formalarda əməkdaşlıq etmək niyyətindədir.
Görüş zamanı nümayəndə heyətinin də iştirakı ilə iki qurum arasında əməkdaşlıq imkanları, əlaqələrin gücləndirilməsi üçün vacib olan amillər, xüsusilə təhsil, elm və istehsalat üçbucağının yaradılması, davamlı, həmçinin səmərəli əməkdaşlığın təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Sonda AzMİU ilə “Kristal Abşeron” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU tələbələrinin “Kristal Abşeron” şirkətində təcrübəyə cəlb olunması, universitet məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi məsələləri əks olunub.