“Aztelekom”la Avropa Yenidənqurma və İnkişaf Bankının gələcək əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 17 iyun, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında virtual görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videokonfransın təşkilində məqsəd nazirliyin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və EBRD arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparmaq olub.
Videotədbirə Azərbaycan tərəfi ilə yanaşı, EBRD-nin Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone, Qafqaz üzrə regional direktoru xanım Katarina Bjorlin Hansen, direktor Dino Şiatis, İKT üzrə direktor Dirk Uerner, Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım İvana Fernandes Duarte, baş bankir Asif Mahmudov, aparıcı bankir Real Hacıyev, bankir Antonia Maier və hüquqşünas Paul Moffa qatılıblar.