ELM VƏ TƏHSİL
AzTU-da coğrafi informasiya sistemlərindən və peyk təsvirindən istifadə imkanları müzakirə edilib
Bakı, 28 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən fevralın 28-də “Azərkosmos” ASC-nin nümayəndələri ilə Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup professor-müəllim heyəti arasında görüş keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə prorektor İsa Xəlilov ölkəmizin kosmik sənaye sahəsində son illər əldə etdiyi uğurlardan danışıb, müşahidə peyklərinə sahib olmağımızın coğrafi informasiya sistemlərindən və peyk təsvirindən istifadə imkanlarımızı genişləndirdiyini diqqətə çatdırıb. Peyk təsvirindən yüksək səviyyədə istifadə edilməsi üçün ölkədə kadr potensialının gücləndirilməsinin vacibliyinə toxunan İsa Xəlilov AzTU-nun uyğun fakültə və kafedralarının işçi qrup şəklində “Azərkosmos” ASC-nin nümayəndələri ilə mütəmadi görüşlər keçirməsini tövsiyə edib. Prorektor qeyd edib ki, bu görüşlər peyk sənayesi üçün vacib ixtisasların müəyyən edilməsinə, tədrisin bu istiqamətdə qurulmasına və ümumilikdə bu sahəyə uyğun təhsil mexanizminin yaranmasına müsbət təsir göstərəcək.
“Azərkosmos” ASC-nin departament rəhbəri Nail Mərdanov “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nda yer alan təhsillə bağlı hədəflərdən danışıb. O bildirib ki, yeni ixtisasların yaradılması, uyğun ixtisaslarda təhsil alanlar üçün könüllülər məktəbinin formalaşdırılması, həmçinin bəzi mühüm istiqamətlər üzrə gənclərin xaricdə təhsil almasını təmin etmək üçün “Azərkosmos” ASC tərəfindən işlər aparılır.
Daha sonra “Azərkosmos” ASC-nin nümayəndəsi Aqil Əhmədov təqdimatla çıxış edərək peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə vacib xidmətlər göstərilməsindən və yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın resursları haqqında geniş məlumat verib.
Sonda maraq doğuran məqamlarla bağlı suallar səsləndirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.