Babək rayonunda kompleks quruculuq işləri aparılır
Babək, 29 avqust, AZƏRTAC
Bu ilin mart ayından etibarən Babək rayonunun Qahab inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə birləşən Nəcəfəlidizə kəndində kompleks quruculuq işlərinə başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müasir layihə əsasında qurulan məktəb binası üç mərtəbədən ibarətdir. Tədris ocağının yeni dərs ilində istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, kənd və xidmət mərkəzləri də inşa olunub, daxili yollar abadlaşdırılıb, körpü yenidən qurulub.
Bu ilin iyun ayında şəhər statusu alan Babək şəhərində isə müasir bazar kompleksi inşa olunur. Bazarda qadın və kişi dərzisi, bərbər, baytarlıq apteki, təsərrüfat malları mağazası və yeməkxana yaradılacaq. Bundan başqa, kənd təsərrüfatı məhsulları yarmarkasının təşkili üçün həyətdə açıq bazar da inşa edilir.
Yaradılan xidmət sahələri imkan verəcək ki, 12 mindən artıq əhalinin yaşadığı Babək şəhərində sakinlər Naxçıvan şəhərinə getmədən gündəlik ərzaq təminatını ödəyə bilsinlər.
Qeyd edək ki, şəhərdə əhaliyə müasir nəqliyyat xidməti də təşkil edilib. Belə ki, ötən aylardan etibarən 6 nömrəli marşrut xətti Babək şəhəri istiqamətində fəaliyyət göstərir.