Bahar Muradova: Regionlarda aqrobizneslə məşğul olan qadın fermerlər Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşib
Bakı, 25 aprel, AZƏRTAC
Dünyada və ölkəmizdə qadın sahibkarların sayı durmadan artır, onlar böyük biznes strukturlarında təmsil olunmağa getdikcə daha çox maraq göstərirlər. Hazırda yüksək sürətlə inkişaf edən bizneslərin üçdə birini idarə edən qadınların iqtisadiyyatda rolunun artırılması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə də daxildir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri qeyd edib ki, ölkələrin dayanıqlı və inklüziv inkişafında əhəmiyyətli rol oynayan qadın sahibkarlığının inkişafı iqtisadi baxımdan da vacibdir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb, qadın sahibkarların sayı və milli iqtisadiyyatın artımında iştirak faizi əhəmiyyətli dərəcədə artıb.
Onun sözlərinə görə, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planı”nın bəndləri üzrə müvafiq işlər görülür. Qadın Sahibkarlar Assosiasiyası yaradılıb, müxtəlif birliklərin və ictimai təşkilatların, həm ölkədaxili, həm də beynəlxalq səviyyədə fəaliyyəti genişlənməkdədir.
Bahar Muradova əlavə edib ki, regionlarda aqrobizneslə məşğul olan qadın fermerlər Azərbaycan Kənd Qadınları Assosiasiyasında (AKQA) birləşib. Müəyyən vergi güzəştlərinin tətbiqi, dövlət büdcəsi hesabına subsidiya ödənilməsi bu sahədə qadın iştirakçılığının artırılmasına mühüm təkan verib.
Vurğulayıb ki, kənd yerlərində yaşayan qadınların bu sahəyə marağının artması, həmçinin sahibkarlığa başlayanların 70 faizinin fəaliyyətini aktiv davam etdirməsi bu mərkəzlərin uğurunun göstəricisidir.
Komitə sədri bildirib ki, digər regionlarda da müvafiq mərkəzlərin yaradılması və dayanıqlığının təmin olunması üçün Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası tərəfindən əlaqələndirilmiş fəaliyyətin qurulması məqsədəuyğun olardı.