Bakı Ali Neft Məktəbi “SOCAR FW” ilə əməkdaşlığı genişləndirir
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “SOCAR Foster Wheeler (FW)” mühəndislik xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov anlaşma memorandumu imzalayıblar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, anlaşma memorandumunun məqsədi ali məktəbdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodik və təşkilati tədbirlərin planlaşdırılmasından ibarətdir. Memorandum ali məktəbin tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakını, şirkətin mütəxəssisləri tərəfindən tələbələr üçün mühazirələr və ustad dərsləri keçirilməsini, məzunlar üçün karyera imkanlarının yaradılmasını və digər əməkdaşlıq istiqamətlərini özündə birləşdirir.
Mərasimdə çıxış edən rektor Elmar Qasımov bildirib ki, ali məktəbin bir neçə məzunu artıq “SOCAR FW”də çalışır, bu memorandumun imzalanması isə şirkətlə BANM arasında əməkdaşlığı daha da genişləndirəcək.
“SOCAR FW” mühəndislik xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov rəhbərlik etdiyi şirkətin gənc kadrlara və onların inkişafına böyük önəm verdiyini bildirib. Baş direktor şirkətin tarixi, məqsədi, fəaliyyət istiqamətləri və üzərində çalışdığı layihələr haqqında təqdimatla çıxış edib. O, şirkətin tərəfdaşları haqqında danışarkən onların arasında həm yerli, həm xarici şirkətlərin olduğunu bildirib.
Daha sonra mühəndislik üzrə menecer müavini Adil Abbasov Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) tarixi və fəaliyyət istiqamətləri, ölkənin neft emalı və neft-kimya sənayesinin yenidənqurma layihələri, eləcə də bu sahədə marketinq araşdırmaları barədə məlumat verib. NEZ-in insan resursları şöbəsinin rəis müavini Elmir Məmmədov isə kadr seçimi və hazırlığı, davamçıların yetişdirilməsi və layihələrin yeni kadrlarla təmin edilməsi kriteriyaları haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, “SOCAR FW” mühəndislik xidmətləri birgə müəssisəsi neft emalı, neft-kimya və ətraf mühit layihələrində mühəndislik, satınalma və tikintiyə nəzarət, layihənin idarəedilməsi xidmətləri göstərir.