Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Bakı Avropa Liseyində bu təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi tərəfindən və ALLERIA İncəsənət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “Əks etdirmə” (“Reflection”) incəsənət layihəsi və “Novruzun rəngləri” Beynəlxalq Uşaq Rəsm Sərgisi və müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Avropa Liseyindən məlumat verilib. Novruz uşaqların gördüyü kimi, türk xalqlarının vahid “mədəni kodunun” ən vacib ənənəsidir. Müsabiqənin adı olan “Novruzun rəngləri” təkcə hərfi mənanı çatdırmır, həm də mühüm metaforik aspekti - müxtəlif türk ölkələrində bu müqəddəs bayramın qeyd edilməsinin milli xüsusiyyətlərini vurğulayır.
Layihənin məqsədi türk xalqlarının gənc vətəndaşlarını ortaq mədəni kodlarını anlamaqla bir-birinə daha da yaxınlaşdırmaqdır: qrafik simvollardan və ornamentlərdən tutmuş qədim ənənələrə qədər.
Sərginin mərkəzi hissəsi müxtəlif ölkələrdən olan uşaqların incəsənət əsərlərini, həm rəsmləri, həm də fotoşəkilləri əhatə edən vahid fotokollajda, ortaq səyyar stenddə nümayiş etdirərək böyük maraq doğurub.
Ümumilikdə iki incəsənət layihəsində ibtidai sinif şagirdlərinin 140-dan çox əsəri təqdim olunub.
“Novruzun rəngləri” beynəlxalq müsabiqəsinin ilkin mərhələsindən keçən beş ölkədən - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan 52 əsər Novruz bayramına həsr olunmuş və altı kateqoriya üzrə qiymətləndirilib. Bakı Avropa Liseyinin üçüncü sinif şagirdi Fatimə Talıbova “Milli ənənələr” kateqoriyasında birinci yeri tutub. “Novruz rəmzləri” kateqoriyasında birinci yeri Türkiyədən olan gənc rəssam Jan Çolak (9 yaş) tutub. Qırğızıstandan olan Bekmərzə Renatov (9 yaş) “Rəng hissi” kateqoriyasında qalib gəlib. Qazaxıstandan olan gənc rəssamlar Məryəm Armanqızı və Mişel Tsoi “Məkan hissi” və “Bahar təsvirləri” kateqoriyalarında qalib gəliblər.
Özbəkistandan olan iki əsər - Diyora Kasımxocayeva və Xonzodaxon Usmanxocayeva - Qran-Pri mükafatını qazanıb və həm peşəkarların, həm də uşaq münsiflər heyətinin yekdilliklə rəğbətini qazanıb.
“Reflection” uşaq rəsm müsabiqəsində gənc rəssamlar “Sürrealizm”, “Kubizm” və “İmpressionizm” janrlarında fəlsəfi ideyalarını məharətlə təqdim ediblər. Emiliya Məmmədova (10 yaş) “Sürrealizm” janrında, Məhəmməd Həsənzadə (10 yaş) “Kubizm” janrında və Həmid Hüseynov (9 yaş) “İmpressionizm” (puantillizm) janrında birinci yeri tutublar.
Sərginin ən mühüm kəşfi - üç kateqoriyada ən seçilən gənc rəssam Fəxriyyə Axundova (10 yaş) olub.
Uşaqların əsərləri üç müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilib: rəssamlar, psixoloqlar, müəllimlər və uşaq münsiflər heyəti. Səsvermədə 430 şagird iştirak edib.
Münsiflər heyətində Bakı Avropa Liseyinin müəllimlərindən başqa, Azərbaycan Rəssamlar İttifaqının üzvü və ALLERİA İncəsənət Mərkəzinin direktoru Leyla Mirişeva sədr olaraq iştirak edib.