Bakı-Bruklin Dostluq Assosiasiyasının rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsində olub
Bakı, 11 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda səfərdə olan Bakı-Bruklin Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Assosiasiya və “Mənim Yolum” təşkilatının fəaliyyət istiqamətləri və iş planına dair geniş müzakirələr aparılıb.
Marietta Rozental Azərbaycan diasporu ilə yəhudi icmasının üzvləri arasında sıx əməkdaşlığın olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb. O, bu il mayın 23-də Bruklin-Bakı Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Nyu-Yorkda Bruklin meriyasında mədəniyyət günlərinin, mayın 27-də isə İpək Yoluna həsr edilmiş rəqs festivalının təşkil ediləcəyini diqqətə çatdıraraq, bu tədbirlərin Azərbaycan mədəni irsinin ABŞ-da təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.
Dövlət Komitəsinin sədri Fuad Muradov Bruklin-Bakı Dostluq Assosiasiyasının Azərbaycanın mədəni irsinin, tarixinin təbliğinə, mədəni əlaqələrin qurulmasına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ABŞ ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ABŞ-ın müvafiq qurumları ilə əməkdaşlığın zəruriliyini vurğulayan Dövlət Komitəsinin sədri təkcə mədəni sahədə deyil, bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Görüşdə iştirak edən AZZEM Beynəlxalq Fondunun rəhbəri Oleq Mövsümov və Elina Xanukova Azərbaycanın ABŞ-da təbliği istiqamətində bundan sonra da zəruri işlərin görüləcəyini bildiriblər.