MƏDƏNİYYƏT
Bakı Dövlət Sirki son 20 ilin unikal proqramını təqdim edir
Bakı, 2 mart, AZƏRTAC
Bakı Dövlət Sirki yaz mövsümü üçün “DZİVA” sirk şousunun nümayişinə start verib.
Sirkdən AZƏRTAC-a bildirilib ki, şounun təşkilatçısı Monte Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur.
Proqramda Monte Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”in (Dü Sale) səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər.
Şounu Parisdə keçirilən sirk festivalında bürünc medal qazanan janqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları - Oleq fon Suvoroff və Andrey Jiqalovun məşhur duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivun şir və pələnglərinin unikal çıxışları bənzərsiz edir.
Bundan başqa, uçuş gimnastlarının kollektiv qeyri-adi fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də şouya xüsusi maraq qatır.
Proqramda Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın “Kauçuk qız” adlı nömrəsi də xüsusi maraqla qarşılanır.
Qeyd edək ki, proqram ilk olaraq valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunub.
Yeni yaz proqramı martın 4-dən aprel ayının 30-na kimi həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.